Bu gün:

"Kor qız"- Millias


"İncəsənətin inciləri" rubrikası Milliasın "Kor qız" əsərini təqdim edir.

Sənətdə fiziki bir qüsuru birbaşa göstərmədən izləyiciyə çatdırmaq hər zaman rəssamlar üçün çətin bir tapşırıq olub. Görməyən bir insanın deformasiya olunmuş gözləri və ya tünd rəngli eynəklərlə çəkilmədən, əksikləri və hiss etdikləri necə təqdim edilə bilər? Millias "Kor qız" əsərində bu çətinliyi müvəffəqiyyətlə həll edib və izləyicinin baş qəhrəmanla birbaşa empatiya qurmasına səbəb olub.

Əsərin adı "Kor qız" olmasaydı, ilk baxışda gözlərini bağlamış oturan qızın görmədiyini anlamaq mümkün olar? Bəlkə də, bəli. Çünki Millias əsərdə bir çox nöqtədə kor qızın hiss etdiklərini və fərqində olmadıqlarını izah edən ipucları verir. Qəhvəyi tonlarında, üzərində yırtıqlar və çökmüş paltarlarla gözlərini bağlamış qızın çox da varlı olmadığı dərhal hiss olunur.

Qızın yanında əlindən tutduğu sarışın kiçik uşağın da bacısı olduğu ehtimal edilir. Onun da paltarlarının köhnəliyi diqqət çəkir. Qızın paltarlarını incələyərkən diqqət çəkən bir digər detal boynunda asılı olan kiçik bir notdur. Üzərində "Kora mərhəmət göstərin" yazan bu not, gözləri bağlı qızın görmədiyini açıq şəkildə təsdiqləyir. Musiqi çalaraq insanlardan pul toplayan və yanında kiçik bacısı ilə eyni işi edən bu qız korluğunu hiss etdirir.

Amma boynundakı bu not olmadan da kor qızın hiss etdikləri Millias tərəfindən izləyiciyə çox aydın şəkildə ötürülür. Qızın bir əlində bacısının əlini sıx tutduğu görünür. Eyni zamanda digər əlini yanındakı otlara toxundurur, barmaqları ilə bir çiçəyin sapını sıxır. Toxunma duyğusuna xitab edən bu iki hərəkət bizi kor qızın görmə duyğusundan başqa istifadə etdiyi digər duyğulara yönəldir. Bacısının əlinin toxunuşu və əzilmiş çəmənin ehtimal olunan qoxusu qızın hiss etdikləri arasında yer alır.

Digər tərəfdən, göyüzünün tünd rəngi və yeni çıxan göyqurşağından yağışın kəsildiyini və günəşin açıldığını anlaya bilərik. Üzünə vuran günəşin istiliyi ilə başını yüngülcə geriyə əyən qız bir tərəfdən də ehtimal ki, islanmış, yaşıl çəmənlərin qoxusunu alır. Ətrafdakı qarğaların və otlayan inəklərin səsləri də xarici dünyadan eşitdiyi səslərdəndir.

Kor qızın hiss etmədiyi yeganə şey ətrafda nadirən görülən təbiət möcüzəsi olan göyqurşağıdır. İzləyənin açıqca görə bildiyi bu gözəlliyi görə bilən digər bir şəxs kiçik bacısıdır. Heyrət içində bacısına yaxınlaşaraq göyqurşağını izləyir. Bu nöqtədə, bu gözəlliyə biganə qalan qızın korluğu haqqında əmin olan izləyicinin ağlında tək bir fikir yaranır: ümidin simvolu olan bu göyqurşağını görə bilməyən kor qıza rəhm etmək.

Millias idealizə edilmiş fiqurlardan imtina edərək realizm və detallı sənəti mənimsədiyi üçün, izləyiciyə çəmənlərin yaratdığı fiqurdan geyimlərin çökmələrinə qədər zərif görüntülər təqdim edir. Əsərdə vurğulanan yağış sonrası sükunət, kor qızın sakit və təmkinli duruşu ilə əks olunub. Qızın üstündəki örtüyə qoyulmuş kəpənək bu sakitliyi vurğulayır. Rəssam kor qızla birlikdə izləyicini də gözlərini bağlamağa və yağışdan sonra günəşin istiliyini üzündə hiss etməyə, yaşıl çəmənlərin qoxusunu içinə çəkməyə dəvət edir.

Hazırladı: Talehə Hüseynzadə 

Paylaş
Şərh əlavə et