Bu gün:

Quşlar dünyanı necə görür?




1970-ci illərin əvvəllərində bir tədqiqatçı göyərçinlərin rəngləri ayırd etmək qabiliyyətini öyrənərkən təsadüfən quşların ultrabənövşəyi (UV) işığı görə bildiyini kəşf etdi. Bu tapıntı maraqlı olsa da, o dövrdə çox əhəmiyyətli hesab edilmirdi. Quşlar, məsələn, həyat yoldaşı seçmək, qida tapmaq və yırtıcılardan qorunmaq üçün əsasən görmə qabiliyyətlərinə güvənirlər. Eaton qeyd edir ki, "əgər quşların bizim gördüklərimizi eyni şəkildə gördüyünü fərz edirsinizsə, onların davranışını düzgün anlamaq üçün yanlış yanaşma istifadə edirsiniz".

Quşların ultrabənövşəyi (UV) işığı necə gördüyünü anlamaq üçün onların göz quruluşunu araşdırmaq lazımdır. İnsan gözündə rəng görməyi təmin edən üç növ konus hüceyrəsi var: qırmızı, yaşıl və mavi. Bunun əksinə olaraq, gündüz aktiv olan quşların gözündə dörd növ konus hüceyrəsi mövcuddur ki, bunlardan biri xüsusi olaraq ultrabənövşəyi dalğa uzunluqlarını qəbul edir.

Bundan əlavə, quşların konus hüceyrələrində kiçik rəngli yağ damcıları yerləşir. Bu yağ damcıları insan gözündə olmayan və kamera obyektivindəki filtr kimi işləyən xüsusi bir strukturdur. Bu quruluş sayəsində quşlar yalnız UV işığını görməklə qalmır, həm də bir-birinə çox yaxın olan rəngləri fərqləndirməkdə insanlara nisbətən daha yüksək dəqiqliyə malikdirlər.

UV görmə qabiliyyəti olan bir quş üçün dünya necə görünür? Auburn Universitetinin ornitoloqu Geoffrey Hill bu suala belə cavab verir: "Biz bunu təsəvvür edə bilmərik". Quşlar, insanlardan daha çox rəng çalarlarını ayırd edə bildikləri üçün dünya onlara daha rəngarəng və müxtəlif görünə bilər. İnsan gözü üçün artıq parlaq olan rənglər, əgər ultrabənövşəyi şüaları əks etdirirsə, quşlar üçün daha da parlaq olur.

Mənbə: nwf.org

Tərcümə etdi: Nazrin Humbat

Paylaş
Şərh əlavə et