
Gənclərin hazırladığı və 2,4 metrdən uzun olan nəhəng kukla xalq hekayələri, incəsənət, musiqi və ənənələrin yer aldığı bir sərginin parçası kimi nümayiş etdirilir.
Wiltshire şəhərində yerləşən Museum and Art Swindon muzeyində Young Folk adlı gənclər qrupu sənətçi Emi Bek ilə birlikdə A’nu adlı hərəkətli kuklanı yaratmaq üçün əməkdaşlıq ediblər. Onlar bu kuklanın gələcəyə, ətraf mühitə və insanlara ümid simvolu kimi dizayn edildiyini bildiriblər.
16 yaşlı Maykl kuklanın eskizlərini çəkərək, “gənclərin bütün fikirlərinin tək bir varlıqda birləşdirilməsi” ilə ortaya çıxdığını söyləyib.
Gənclər dizaynlarını A’nunun başındakı lentlərə özləri üçün əhəmiyyətli olan sözləri yazaraq və söyüd ağacından hazırlanan çərçivəsini əhatə edən parçalara çap edərək həyata keçiriblər. Onlar kuklanı “meşədə yaşayan çox hündür bir varlıq” kimi təsvir ediblər və ənənəvi folklorda yer alan Yaşıl Adam obrazına bənzədiklərini bildiriblər.
“Bu, mənim necə görünməli olduğunu düşündüyüm bir konsept idi,” deyə qeyd ediblər.
“Tarix boyunca insanların ənənələri təmsil edən tilsimləri və bəzəkləri də əlavə etdim.”
10 həftə ərzində dizayn edilən A’nunun çiyin çantası kimi daşınaraq qollarının hərəkət etdirilə biləcəyi bir sistem yaradılıb. Kukla, Swindon muzey və qalereyasında Un/common People layihəsi çərçivəsində nümayiş olunur.
Swindon Şəhər Şurasının ictimai iştirak üzrə nümayəndəsi Stefani Hovell gənclərdən ibarət qrupun bütün qərarları özlərinin qəbul etməsinin “həqiqətən vacib” olduğunu bildirib.
Qrup üzvlərindən biri A’nu haqqında məqalə yazıb və Hovell bunun onu “çox təsirləndirdiyini” deyib. Məqalədə A’nunun tək bir növə aid olmadığı, yarı insan, yarı heyvan olduğu və cinsiyyətinin olmadığı vurğulanıb.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
