Bu gün:

Narıncı pişiklərin sirri nədir?


60 illik araşdırmanın ardından genetikçilər pişiklərdə narıncı rəngin sirrini açdılar. Tədqiqat göstərdi ki, bu alov rəngli tüklər genomdakı itmiş bir DNT hissəsindən qaynaqlanır.


Ev pişiklərində narıncı kürkün sirri nəhayət genetikçilər tərəfindən açıqlandı. İki müstəqil araşdırma göstərdi ki, pişiklərin alov rəngində tükləri genomun protein kodlamayan bir hissəsindəki 5 kilobazlıq (kb) DNT çatışmazlığından qaynaqlanır.


Stenford Universitetinin genetikçisi Qreq Barşın rəhbərlik etdiyi tədqiqat qrupu pişiklərin dəri hüceyrələrindəki Arhgap36 adlı genin, narıncı tüklü pişiklərdə digər pişiklərdən 13 dəfə çox RNA istehsal etdiyini aşkarlayıb. Lakin bu genin protein kodlayan hissəsində deyil, gen ifadəsinə təsir edən bir delesiyaya (itkin DNT ardıcıllığı) rast gəlinib.


Cinsiyyət fərqi və narıncı rəngin formalaşması


Araşdırmalar narıncı rəngin cinsiyyətlərə görə fərqini də ortaya çıxardı. Mutasiyaya uğramış genin X xromosomunda yerləşməsi səbəbindən erkək pişiklərdə yalnız bir nüsxə, dişi pişiklərdə isə iki nüsxə olur. Bu, dişi pişiklərin kürkündə genin təsadüfi aktiv və ya təsirsiz olmasına görə “kaplumbağa qabığı” və ya “ala-bəzəkli” naxışların yaranmasına səbəb olur.


Nadir hallarda, hər iki X xromosomu mutasiyanı daşıyırsa, dişi pişiklər tamamilə narıncı tüklərə sahib olurlar. Erkək pişiklərdə isə tək X xromosomu olduğu üçün rəng birmənalı şəkildə narıncı olur.


Genin digər xüsusiyyətləri və pişiklərdə təsirləri


Tədqiqatçılar narıncı rəngin pişiklərin ümumi sağlamlığı və ya zəka səviyyəsinə mənfi təsir göstərmədiyini vurğulayıblar. Lakin Arhgap36 geninin digər heyvanlarda qeyri-adi fəaliyyəti inkişaf problemlərinə səbəb ola bilər. Pişiklərdə isə bu gen yalnız piqment istehsal edən melanosit hüceyrələrində həddindən artıq ifadə olunur.


Stenford qrupu “kaplumbağa qabığı” və ala-bəzəkli pişiklərin fərqinin ağ ləkə mutasiyasından qaynaqlandığını açıqlayıb. Bu mutasiya piqment hüceyrələrinin bədəndə daha geniş sahələrə yayılmasına imkan verir.


Digər araşdırma və ümumi nəticələr


Yaponiyanın Kyushu Universitetindən Hidehiro Tohun rəhbərlik etdiyi digər tədqiqat qrupu da oxşar nəticələr əldə edib. Onlar göstəriblər ki, Arhgap36 geni piqmentləri tünd qəhvəyi rəngdən narıncıya doğru dəyişdirərək narıncı rəngdə tüklər yaradır.


Pişiklərin narıncı tükləri ev heyvanlarının genetikası sahəsində mühüm bir mərhələ sayılır. Təxminən 10 min il əvvəl insanlarla yaşamağa başlayan pişiklərdə rəng müxtəlifliyinin genetik əsaslarını başa düşmək, bu sevimli dostlarımızın tarixinə işıq tutur.


Mənbə: NTV

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et