
Yer səthinin təxminən 70%-ni əhatə edən dünya okeanı planetimizin ən sirli və az öyrənilmiş hissələrindən biri olaraq qalır. Müasir texnologiyalara və elmi nailiyyətlərə baxmayaraq, onun bir çox dərinlikləri tədqiq edilməmişdir. Ancaq okeanla bağlı kiçik kəşflər belə insanları təəccübləndirir və su sütununun altında gizlənən sirlər haqqında düşünməyə vadar edir.
İlk kompüterdən tutmuş, mənşəyi sirr olaraq qalan aşağı tezlikli səslərə qədər bu kəşflər alimləri təəccübləndirir və yeni fərziyyələr yaradır.
1. Anti-kitera mexanizmi
1901-ci ildə batmış qədim gəmidən çıxarılan mexaniki cihazdır. Gəminin qalıqları və yükü 4 aprel 1900-cü ildə Yunanıstanın Andikitira adası yaxınlığında bir yunan dalğıc tərəfindən aşkar edilib. Mexanizm təqribən eramızdan əvvəl II əsrin ikinci yarısına aiddir. Gəminin fırtına nəticəsində batdığı ehtimal edilir. Cihaz səthə çıxarılaraq Afinadakı Milli Arxeologiya Muzeyinə aparılıb və hələ də orada saxlanılır. Kəşf edildiyi gündən bəri mexanizm bir neçə rekonstruksiya və tədqiqat mərhələsindən keçib. Anti-kitera mexanizmindən səma cisimlərinin hərəkətini hesablamaq üçün istifadə edilib, bu da 42 astronomik hadisənin tarixini bilməyə imkan verib. Anti-kitera mexanizmi dünyanın ilk analoq kompüteri adlandırılıb.
2.Batmış Dvaraka şəhəri
1982-ci ildə hind arxeoloqu S. R. Rao Hindistan arxeologiyası tarixində ən mühüm kəşflərdən birini edib. Qucarat sahillərində apardığı sualtı tədqiqatlar zamanı o, əfsanəvi Dvaraka qədim şəhərinin xarabalıqlarını aşkar edib.Şəhər nəhəng divarlarla əhatə olunub və şəhərin mürəkkəb küçələr və binalar sistemi var idi. Arxeoloqlar sivilizasiyanın yüksək inkişaf səviyyəsindən xəbər verən məbədlərin, sarayların və digər tikililərin xarabalıqlarını aşkar ediblər.
Hindu əfsanələrinə görə, Dvaraka Hinduizmin əsas tanrılarından biri olan Krişna tərəfindən tikilmiş böyük bir şəhər idi. Şəhər əzəmətli və firavan kimi təsvir olunsa da, dağıdılıb dənizə batırılıb. S. R. Rao və komandası aşkar edilmiş qalıqların Dvaraka qalıqları olduğuna dair nəzəriyyələrini təsdiqləyən çoxlu arxeoloji sübutlar toplayıb. Əfsanəvi şəhərin mövcud olduğu dövrə uyğun gələn daş heykəllər, sikkələr və digər əşyalar kimi artefaktlar tapılıb. Bu, hindu mətnlərində və əfsanələrində təsvir olunan qədim şəhərin mövcudluğunu təsdiqləyir. Bu kəşf Hindistanın tarixi və mədəniyyətinin daha yaxşı başa düşülməsinə kömək edir və həmçinin sualtı tədqiqatların əhəmiyyətini vurğulayır.
3. Bloop səsi
1997-ci ilin yayında ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tərəfindən bir neçə dəfə qeydə alınan aşağı tezlikli səsdir. Bu səs sirri və yayılma miqyası ilə alim və tədqiqatçıların diqqətini cəlb edib.
Bloopun səsi aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:
Aşağı tezlik: Bu, uzun məsafələrdə eşidilə bilən çox aşağı səs idi.
Qeyri-adi təbiət: Səs dəniz heyvanlarının və ya təbiət hadisələrinin çıxardığı adi səslərdən fərqli idi.
Alimlər Bloop səsinin mənşəyinin bir neçə versiyasını təklif ediblər:
•Buz sahəsinin titrəməsi: NOAA səsin mənbəyinin buz titrəmələri və ya okeanın dibini qıran aysberqlər ola biləcəyi qənaətinə gəlib.
•Unikal akustik şərait: Bəzi elm adamları unikal akustik şəraitin səsin ultra-uzaqda yayılmasına kömək etdiyini irəli sürüblər.
•Heyvanların böyük konsentrasiyası: Bəzi heyvanların, xüsusən də nəhəng kalamarın böyük konsentrasiyası versiyası nəzərdən keçirilib.
Milli Okean və Atmosfer Administrasiyası (NOAA) baş verənlərlə bağlı öz versiyasını təqdim edərək, hadisənin səbəbinin onların fikrincə, Bransfield Sound və Ross dənizi arasındakı ərazidə yerləşən aysberq olduğunu iddia edib.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
