
Yarasalar təbiətin ən maraqlı və sirli canlılarından biridir. Bir çoxumuz yarasaların kor olduğuna və yollarını tapmaq üçün yalnız səs dalğalarından istifadə etdiyinə dair yanlış inancımız var.
Bəs bu nə dərəcədə doğrudur? Yarasalar həqiqətən kordur, yoxsa bu sadəcə bir mifdir?
Ən məşhur inancın əksinə olaraq, yarasalar kor deyil. Yarasa növlərinin çoxu görə bilir və bəzi növlərin həqiqətən yaxşı görmə qabiliyyəti var. Ancaq yarasaların görmə qabiliyyəti ümumiyyətlə insanlardan daha zəifdir. Bunun səbəbi onların gecələr aktiv həyat sürməyə uyğunlaşmasıdır. Gecə həyat tərzinə uyğun olaraq, yarasaların gözləri zəif işıqlandırma şəraitində görmə qabiliyyətinə fokuslanır. Bu, onlara qaranlıqda çox effektiv görmə imkanı verir.
Onların göz strukturları xüsusilə zəif işıqda hərəkət etmələrini təmin edən çubuq hüceyrələri ilə doludur. Bu hüceyrələr qaranlıqda ətrafdakıları dərk etmələrinə kömək edir. Lakin onlar təfərrüatları görməkdə insanlardan daha məhduddurlar.
Ekolokasiya nədir?
Ekolokasiya bəzi heyvanların ətraflarını hiss etmək və yollarını tapmaq üçün istifadə etdiyi təbii sonar sistemdir. Bu sistem ətrafdakı obyektlərə dəyən və geri sıçrayan yüksək tezlikli səs dalğaları göndərməklə işləyir. Geri qayıdan səs dalğalarını təhlil edərək, heyvan obyektlərin mövqeyini, ölçüsünü, sürətini və hətta toxumasını aşkar edə bilər.
Bu qabiliyyət heyvanlara, xüsusən görmə qabiliyyətinin qeyri-kafi olduğu qaranlıq mühitlərdə böyük bir üstünlük təmin edir. Yarasalar, delfinlər, dişli balinalar və bəzi digər növlər ekolokasiyadan səmərəli istifadə edən canlılardır.
Yarasalar haqqında ən maraqlı mövzulardan biri də onların görmə qabiliyyətinin gecə və ya gündüz daha yaxşı olmasıdır. Bu maraqlı canlılar ətraflarını qavramaq üçün təkcə gözlərinə deyil, həm də səs dalğalarından istifadə edərək işləyən ekolokasiya sisteminə güvənirlər. Lakin bu, onların görmə qabiliyyətini tamamilə sıradan çıxarmır. Yarasaların görmə qabiliyyətlərini, gecə-gündüz görmə qabiliyyətini anlamaq üçün onların bioloji uyğunlaşmalarını araşdırmaq lazımdır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
