Bu gün:

Savant sindromlu insanlar necə olur?


Yaradıcı bacarıq nədən qaynaqlanır və necə daha yaradıcı olmaq olar sualı min illərdir cavabı axtarılan bir sualdır. Alimlərə görə, yorğunluq və ya darıxma kimi bir çox amil yaradıcılığın inkişafına səbəb ola bilər. Yaxın zamana qədər yaradıcılığın beyində başladığı və beynin hər hansı bir şəkildə zədələnməsi nəticəsində bir çox bacarığın itə biləcəyi qəbul edilirdi. Amma bəzən bunun əksi də olur, "ani savant sindromu" adlanan vəziyyətdə beyin zədəsindən sonra şəxsdə qeyri-adi bacarıqlar inkişaf edə bilər. Bu vəziyyət indiyə qədər yalnız 25 nəfərdə müşahidə edilmişdir.

1994-cü ildə ortopedi cərrahı Toni Kikorianı Nyu-Yorkda ildırım vurur. Birbaşa başına dəyən bu ildırım vurmasından sonra Kikoria şiddətli bir piano çalma arzusu hiss etməyə başlayır. Əvvəlcə başqalarının bəstələrini çalır, amma sonra daim başında dolaşan melodiyaları bəstələyir. Nəticədə, Kikoria bu gün cərrah olmaqla yanaşı, pianist və bəstəkar kimi də tanınır.

Masör Jon Sarkin isə insult keçirdikdən dərhal sonra rəsm çəkməyə başlayır. Daha sonra əsərləri "New York Times" qəzetində, musiqi albomlarında və bir kitabda yer alır. Rəsmlərin hər biri 10.000 dollara satılır.

Ən maraqlı hallardan biri də 2002-ci ildə Washingtonda bir barda hücuma məruz qalan Jason Padgettdir. Padgett hücumdan əvvəl məktəbi yarımçıq qoymuş bir adam imiş. Riyaziyyata heç bir marağı olmayıbmış. Amma hücumdan sonra hər şey dəyişib. Padgett: "Hər şey qəribə görünürdü. Əvvəlcə verdikləri ağrıkəsici dərmanların təsiri olduğunu düşündüm. Amma ertəsi gün oyanıb kranı açanda axan su xətlər şəklində görünürdü",-deyə xatırlayır.

Bundan sonra dünyası geometrik şəkillər və xətlər görünüşünü alan Padgett riyaziyyata maraq duyub formulların rəsmini çəkməyə başlamışdır.

Bir nəzəriyyəyə görə uşaqlıq dövründə beynin sol yarıkürəsində aşağı səviyyədə serotonin hormonu salınması bu bölgənin lazımi şəkildə inkişaf etməsini əngəlləyib otizmə səbəb ola bilər. Eynilə beynin zədələnməsi nəticəsində ortaya çıxa bilən ani savant sindromunda olduğu kimi, bu halda da beynin sağ yarısı daha aktiv hala gəlir.

Maraqlı olan odur ki, ani savant sindromlu şəxslərin bir çoxunda sosial əlaqə problemləri, davranış pozuntusu və bir şeyə həddindən artıq maraq kimi otizm simptomları da ortaya çıxır.

Bu barədə Brogaard: "Adətən normal bir həyat sürürlər, amma müxtəlif davranışları da olur",- deyə fikrini bildirmişdir. Bu problem bütün ani savant sindromlular arasında müşahidə olunur. Jon Sarkin rəsm çəkməsi ilə bağlı belə deyir: "Rəsm çəkməyi sevirəm kimi bir hiss deyil, sanki rəsm çəkməliyəm kimi hiss edirəm."

Daim bu məcburiyyət hissi ilə hərəkət etdikləri üçün bu insanlar müxtəlif sahələrdəki bacarıqlarını da inkişaf etdirmiş olurlar.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et