
Adı “Alman şokoladlı tortu” olsa da, bu məşhur desertin kökləri Avropada deyil, ABŞ-də, xüsusilə Texasda yerləşir. Tortun “Alman” hissəsi milli mənsubiyyətə deyil, bir insanın adına işarə edir. 1852-ci ildə amerikalı Sem German, yumşaq və tünd rəngli bişirmə şokoladı hazırlayaraq desertlər üçün istifadə ediləcək yeni bir məhsul yaratdı. Bu ixtira sonradan “Baker’s German’s Sweet Chocolate” (Bakerin Germanın şirin şokoladı) olaraq tanındı və şokoladın adı onun soyadını daşımağa başladı.
“Alman şokoladlı tortu” resepti isə 1957-ci ildə Texasda ortaya çıxdı. Dallas Morning News qəzetində bir evdar qadın, bu şokolad növündən istifadə edərək hazırladığı tort reseptini yayımladı. Resept qısa müddətdə populyarlaşdı və Alman şokoladı ilə əlaqələndirilərək “Alman şokoladlı tortu” adını aldı.
Bu desertin əsas xüsusiyyəti onun təkrarolunmaz dadında və unikal tərkibindədir. Tort tünd şokoladla hazırlanır, üzərinə isə hindistan qozu və püstə ilə zənginləşdirilmiş xüsusi bir krem əlavə edilir. Dad baxımından həm zəngin, həm də balanslı olan bu tort ABŞ-ın hər yerində sevildi və qısa zamanda ənənəvi desertlərdən biri halına gəlib.
Lakin adının yaratdığı çaşqınlıq bu gün də davam edir. Bir çox insan tortun Almaniyaya aid olduğunu düşünür. Əslində isə, nə Sem German almandır, nə də bu desertin Almaniya ilə birbaşa əlaqəsi var.
Texasın mətbəx ənənələri arasında özünəməxsus yer tutan Alman şokoladlı tortu, bu gün də Amerika mətbəxinin sevimli dadlarından biri olaraq qalır. Bu hekayə, sadə bir şokolad ixtirasının, həm yerli mətbəxi zənginləşdirməsi, həm də qlobal bir desertə çevrilə bilməsinin maraqlı bir nümunəsidir.
Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova
