
1930-cu illərdə gözəllik naminə korluğa və hətta ölümə səbəb olan bir kosmetik məhsul var idi: "Lash Lure"
Bu "kirpik gücləndirici" nəinki FDA-nın (Qida və Dərman İdarəsi) ciddi qaydalar tətbiq etməsinə səbəb olub, həm də bir çox qadının həyatını acınacaqlı hala salıb.
1930-cu illərdə “Lash Lure” qadınların kirpiklərini və qaşlarını daha tünd və dolğun göstərmək üçün istifadə edilən kosmetik məhsul idi. Lakin bu məhsul təkcə gözəllik təklif etmirdi. Bu, həm də sağlamlıq üçün dəhşətli təhlükə idi.
"Lash Lure"nin əsas tərkib hissəsi olan parafenilendiamin ciddi allergik reaksiyalara, korluğa və hətta ölümə səbəb olub. Bəzi qadınlar bu məhsulu istifadə etdikdən sonra üzlərində qabarcıklar, abseslər və xoralar əmələ gəlib. Üstəlik, o dövrün tibbi şəraiti belə allergik reaksiyaları müalicə etmək üçün kifayət deyildi. Onun qurbanlarından biri qaşlarını boyayarkən ölən 52 yaşlı qadın idi. Qaş nahiyəsində açıq yaralara tətbiq olunan məhsul ciddi infeksiyasına səbəb olub. Qadın əvvəlcə gözlərini itirib, sonra isə yüksək hərarət və infeksiyanın yayılması səbəbindən dünyasını dəyişib. Bu hadisə “Lash Lure” təhlükəsini ortaya qoyan ən kədərli nümunələrdən biridir.
“Lash Lure” tərəfindən yaradılan sağlamlıq problemleri ABŞ-də kosmetika sənayesinin tənzimlənməsi üçün dönüş nöqtəsi oldu. FDA bu təhlükəli məhsulları ictimaiyyətə göstərmək üçün "Amerika Dəhşət Palatası" adlı sərgilər təşkil etdi.
Bu kampaniya 1938-ci ildə "Qida, Dərman və Kosmetika Aktı"nın qəbul edilməsinə səbəb oldu. Qanun kosmetik şirkətlərdən məhsullarını bazara çıxarmazdan əvvəl təhlükəsizlik standartlarını təmin etməyi tələb edir.
PPD maddəsi bu gün də saç boyalarında istifadə olunmağa davam edir. Ancaq daha yaxşı qaydalar və təkmilləşdirilmiş tibbi üsullar sayəsində allergik reaksiyaların nəticələri indi daha yumşaqdır.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
