Müharibə dövrü ilə bağlı o qədər hekayələr ortaya çıxır ki, bəzən bu hekayələrin həqiqiliyi elə də inandırıcı görünmür. İnandırıcı görünməyən hekayələrdən biri də qəhrəman göyərçin Şer Aminin əhvəlatıdır.
Şer Ami 1-ci Dünya müharibəsi illərində geniş istifadə olunan müharibə göyərçinlərindən biri idi. Bu göyərçinlər xüsusi təlim keçir və bunun sayəsində mesajı ünvana çatdırıb geri qayıda bilirdi. Müəyyən bir dövr ərzində Antanta ölkələri göyərçin mesaj torundan o qədər geniş istifadə etməyə başlayıb ki, almanlar, demək olar ki, gördükləri bütün göyərçinləri güllə ilə vuraraq öldürüblər.
Aminin hekayəsi bundan bir az daha sonrakı dövrdə baş verir. Belə ki, allthatsinteresting -in məlumatına görə, 13 oktyabr 1918-ci ildə mayor Çarlz Uayt Uitlsi çıxılmaz vəziyyətə düşür. O və adamları pusquya düşür və almanlar ətraflarını sarır. Bütün resursların tükənməsi, gözlənilməz pusqu və mühasirə az deyilmiş kimi, öz qoşun hissələri də onları düşmən qüvvəsi olaraq müəyyənləşdirir.
Bu çıxılmaz vəziyyətdə göndərdiyi mesajların lazımi ünvana çatmadığını görən mayor köhnə üsula - göyərçinə müraciət edir. O ümumilikdə 4 göyərçinlə hər biri əhəmiyyətli 4 mesaj uçurur. Göyərçinlərin ilk ikisi yarı yolda vurularaq həlak olur, üçüncüsü mesajı yanlış ünvana aparır və bunun ağır nəticəsi olaraq artilleriya hücumu başlayır. Mayor Uitsli son ümid olaraq Şer Amini yeni bir mesajla öz cəbhəsinə yollayır. Bu zaman tale əsgərlərin üzünə gülür və son göyərçin doğru ünvana çatır.
Şer Ami havaya qalxdığı ilk andan alman əsgərləri tərəfindən atəşə tutulur və döşündən yara alır, buna baxmayaraq o, uçmağa nail olur. Onun qətiyyəti nəticəsində vadidə qapalı qalan 195 nəfər ölümdən xilas olur.
Qəhrəman göyərçin mesajı çatdırdıqdan sonra müayinəyə alınır. Sinəsinə dəyən güllə nəticəsində o, bir gözü ilə görmə qabiliyyətini və bir ayağını itirir, lakin yaşamağa davam edir. 77-ci diviziyanın qəhrəmanı hesab edilən göyərçinə taxtadan protez ayaq hazırlanır.
Şer Ami ölkəsinə xidmətə görə Xidmət Departamentinin maskotu adlandırılıb və Croix de Guerre medalı, həmçinin Amerika Yarış Göyərçin həvəskarlarının Mütəşəkkil Orqanlarının qızıl medalı ilə təltif edilib.
Hazırladı: Səidə Abasova
