"İncəsənətin inciləri " rubrikası Turnerin “Yağış, buxar və sürət” əsərini təqdim edir.

Turner 1844-cü ildə “Yağış, buxar və sürət” adlı əsərini təsvir edib. 121,8 sm enində və 91 sm hündürlüyündə kətan üzərində yağlı boya ilə işlənmiş bu əsər, insan tərəfindən yaradılan nəqliyyat vasitələrinin təbiətin dəyişkən hava şəraiti ilə ziddiyyətini göstərir. Əsərdə Maidenhed Dəmir Yolu Körpüsünün üzərində sürətlə irəliləyən bir qatar, solda piyada körpüsü və suda bir qayıq təsvir edilib. Körpü Temza çayını keçmək üçün tikilib.
Turner texnologiyanı demək olar ki, canlı bir varlıq kimi təsvir edərək, qatarın gücünü və sürətini izləyiciyə hiss etdirib. Tablo Sənaye İnqilabının müasir nəqliyyat vasitələrinin insan həyatına təsirini əks etdirir. Körpünün altındakı qaçan dovşan isə təbiət və insan arasında mübarizəni simvollaşdırır. Maraqlıdır ki, dovşan sürəti ilə qatarın maksimal sürətinə yaxınlaşa bilir və bu təbiətin üstünlüyünü göstərir.
Turner Neoklassik ustalar Klod Lorrain və Nikolya Pussendən ilham alıb, lakin insan və təbiət arasındakı harmoniyanı deyil, onların münaqişəsini təsvir edib. Tablo dinamik və ritmik bir kompozisiya ilə göz oxşayan simmetriya yaradıb. Romantizm dövrünün görkəmli nümayəndəsi olan Turner, aydın detallara deyil, emosional təəssürata üstünlük verib. Əsər, Sənaye İnqilabının gətirdiyi sürətli dəyişikliklər qarşısında həm heyranlıq, həm də narahatlıq hissini ortaya qoyub.
Hazırladı: Talehə Hüseynzadə
