Bu gün:

Aivazovski-"Doqquzuncu dalğa"


"İncəsənətin inciləri" rubrikası Aivazovskinin "Doqquzuncu dalğa" əsərini təqdim edir. 

Çox zaman "Rusiyadakı ən gözəl tablo" adlandırılan "Doqquzuncu dalğa", rus rəssam Ayvazovskinin ən məşhur əsərlərindən biridir. Ayvazovski dəniz və dənizçilik mövzusunda ixtisaslaşmış bir rəssam olub. Onun dənizə olan sevgisi, təbiətə olan ehtirası təbiətin gücləri ilə aparılan mübarizə haqqında 6000-dən çox əsər yaratmasına səbəb olub. Peşəkar dəniz rəssamı kimi o, dənizin dəyişkən xarakterini özünəməxsus şəkildə təsvir etməyi bacarıb.

Əksər hallarda dənizdən uzaqda işləyən rəssam, möhtəşəm yaddaşı sayəsində dəniz mənzərələrini yüksək dəqiqliklə təsvir edə bilib. Rusiya sərt despotizm altında idarə olunan və siyasi baxımdan sabit olduğu bir dövrdə inkişaf edən mədəni mühitdə Ayvazovski ən məşhur rəssamlardan biri kimi tanınıb və Rusiya donanmasının baş rəssamı təyin edilib. Ayvazovski Avropada yüksələn Romantizm cərəyanının Rusiyadakı nümayəndələrindən biri olub və bu cərəyanın incə emosional duyğularını dəniz, səma və dalğaların hərəkətləri ilə əsərlərində əks etdirib.

Tabloda fırtına nəticəsində parçalanıb batmış gəminin ana dirəyinin bir hissəsi təsvir edilib. Dirəyə tutunmuş altı dənizçi yüksələn dalğalarla çarəsizlik içində mübarizə aparır. Romantizm cərəyanına xas olan təbiət təsvirləri ilə yanaşı, əsərdə Şərq üslubu da öz əksini tapır. Dənizçilər şərq geyimlərində təsvir edilib. Onlar tünd dərili, saqqallı, sarıqlı və şalvarlı geyimləri ilə Avropalıların Şərq haqqında təsəvvürlərini əks etdirir. Bu qrupda iki zənci kölə də yer alır.

Dənizçilər arasında bir inanışa görə, dalğalar müəyyən bir ardıcıllıqla gəlir. Səkkiz kiçik dalğadan sonra doqquzuncu, onuncu və on birinci dalğaların daha böyük olduğu və bu ardıcıllığın təkrarladığına inanılır. Doqquzuncu dalğanı aşa bilən gəmilərin tanrının köməyi ilə xilas ola biləcəyinə inam var. Bu inancla dənizçilər doqquzuncu dalğanın gücünə rəğmən, dirəyə möhkəm şəkildə yapışırlar.

Tablonun qaranlıq hekayəsinə baxmayaraq, arxa planda duman və buludlar arasından doğan səhər günəşi əsərə ümid dolu bir atmosfer qatır. Bu, izləyicidə dəhşətli dalğalara baxmayaraq, dənizçilərin xilas olacağına dair bir inam yaradır. Fiqurlardan birinin havada yellədiyi qırmızı parça isə qurtuluşa və görünən bir xilasedici qüvvənin mövcudluğuna işarə edir.

Tablodakı fərqli rəng tonları əsərdə fövqəladə bir harmoniya yaradır. Dalğaların mavi-bənövşəyi tonları, günəşin dəniz üzərindəki açıq yaşıl əksləri və səmanın narıncı-qırmızı çalarları uyğun olmayan rənglər kimi görünsə də, Ayvazovskinin ustalığı ilə balanslı və harmonik bir kompozisiya yaradılıb.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et