Bu gün bizim üçün böyük müasir şəhərləri öz metrosu olmadan təsəvvür etmək çətindir, lakin yüz il əvvəl bu, inanılmaz bir şey idi. Dünyanın ən qədim metrosu Londonda yerləşir, ümumi uzunluğu 400 km-dən çoxdur və 272 stansiyadır.
19-cu əsrin birinci yarısında İngiltərədə dəmir yolu sistemi sürətlə inkişaf edib və eyni zamanda, London sakinlərinin sayı da sürətlə artıb. O dövrdə Londonda yeganə ictimai nəqliyyat bir neçə at arabası idi.
Yalnız 1855-ci ildə hakimiyyət yeraltı dəmir yolunun tikintisinə icazə verib. Maliyyə çatışmazlığı səbəbindən tikinti kifayət qədər uzun çəkib. Amma, nəhayət, 1863-cü ildə Londonda və dünyada ilk metro xətti olan metropolitan dəmiryolu açılıb.
Qatarlar lokomotiv dartma gücündən istifadə edərək tunel boyunca hərəkət edib. Nəticədə stansiyalarda güclü tüstü yaranıb. Bəzən insanlar hətta nəfəs almaqda çətinlik çəkiblər. Lakin londonlular buna baxmayaraq, yeni nəqliyyat növünə aşiq olublar, çünki bu, sürətli idi və onlara şəhərin mərkəzində tıxacların qarşısını almağa imkan verib.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə