Bu gün:

“Məmur mediaya qarşı anlayışlı olanda heç bir problem olmur” – MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi media eksperti, professor Qulu Məhərrəmlidir.

Ölkəmizdə baş verən hadisələri KİV cəmiyyətə obyektiv və qərəzsiz mövqedə çatdıra bilirmi?

- Bu gün Azərbaycan KİV-inin ən ciddi problemlərindən biri də cəmiyyəti tam dolğun, dürüst ifadə edə bilməməsidir. Bu baxımdan mən hesab edirəm ki, obyektiv və qərəzsiz mövqe tutan saytlar da var, amma bəlli səbəblərdən bu və ya başqa qurumlardan, maliyyə mənbələrindən, oliqarxlardan, məmurlardan asılı olan KİV də var. Bunların hamısı KİV-in müstəqil fəaliyyətinə mane olur.

Mətbuatımızın dünənini və bu gününü müqayisə etsək, hansı fərqlər müşahidə olunar?

- Əlbəttə, dünəndə də, bu gündə də mətbuatın missiyası ilə bağlı çox işıqlı məqamlar var. Azərbaycanda “Əkinçi” qəzeti birinci növbədə milləti maarifləndirmək, zülmətdən irəli çəkmək məqsədi ilə yaranıb. Həsən bəy Zərdabi öz vəsaiti hesabına bu qəzeti çap etdirib. XX əsrin əvvəllərində ciddi mətbuat orqanları fəaliyyət göstərmişdir. ”Həyat”, ”Molla Nəsrəddin”, “Təkamül”, “Açıq söz” mətbuat orqanları Azərbaycanın milli düşüncəsinin formalaşmasında, milli şüurun oyanışında ciddi rol oynayıb. Sovet dövründə Azərbaycan mətbuatı birbaşa təbliğat mətbuatı idi. Amma burada da müsbət cəhətlər var idi. Azərbaycan mədəniyyətinin, dilinin inkişafında 90-cı illərin ortalarında ciddi şaxələnmə baş verdi. Bu gün mənə elə gəlir ki, mətbuat öz missiyasını necə yerinə yetirir?! Bununla bağlı suallar var. Dünənlə bu gün arasında əsas fərq bundan ibarətdir.

Mətbuatımızın inkişafı üçün hansı addımlar atıla bilər?

- Mətbuatın inkişafı üçün nələr edilməlidir məsələsi çox müzakirə olunur. Bilirsiniz ki, yeni media agentliyi yaradılıb. Medianın əlverişli şərtlərlə inkişafı ilə bağlı yeni layihələr hazırlanır. Mətbuatın inkişafı üçün, ilk növbədə, onun müstəqilliyi, azadlığı, sərbəstliyi olmalıdır. Sözsüz ki, fəaliyyəti üçün ictimai zəmin olmalıdır. Azərbaycan mətbuatının gələcəyi azad mətbuatla bağlıdır.

Digər ali təhsil müəssisələrinin məzunu olan jurnalistləri Bakı Dövlət Universitetinin məzunu olan jurnalistlərlə müqayisədə hansı fərqlər var?

- Əlbəttə ki, Bakı Dövlət Universitetinin məzunları ilə digər ali təhsil müəssisələrinin məzunları arasında elə də kəskin fərq yoxdur. Onlar arasındakı fərq ixtisas bilikləri səviyyəsində meydana çıxa bilər. Lakin bu fərq asanlıqla sıfıra endirilə bilər. Mənə elə gəlir ki, jurnalistika yazıçılıq, şairlik kimi ruh məsələsidir. Yaradıcılıq ruhu olan hər kəs bu sahədə uğur qazana bilər. Əgər jurnalistdə bu ruh yoxdursa, o maksimum jurnalistika prinsiplərinə əməl edə bilər. Peşəsini sevməyən jurnalist üçün ali təhsil müəssisəsinin fərdi yoxdur.

Son dövrlərdə Jurnalistika fakültəsinə qəbul olan tələbələrlə ötən ilki tələbələr arasında hansı fərqlər müşahidə etmisiniz?

- Təxminən 5-6 il əvvəldən Jurnalistika fakültəsinə gələn tələbələrin keyfiyyət göstəriciləri, intellektual və peşə bacarıqlılığı göstəriciləri kəskin şəkildə fərqlənir. Bir il yaxşı olduğu halda, gələn ilki tələbələr arasında zəifləmə müşahidə oluna bilər. Mən bunun əsas səbəblərindən birini Jurnalistika fakültəsinə qəbul olmaq üçün verilən qabiliyyət imtahanında görürəm. Mən əvvəldən  bu fikirin tərəfdarı olmamışam. Qabiliyyət imtahanı bu sahəyə gəlmək üçün məhdudiyyət yaradır. Əlbəttə ki, jurnalistdə yaradıcılıq bacarığı olmalıdır, ancaq biz jurnalistikanı filoloji düşüncə aspektində qəbul etməməliyik. Jurnalistika daha çox sosiologiyadır, cəmiyyət elmidir. Ona görə də yaradıcılıqla yanaşı, başqa keyfiyyətlər də olmalıdır ki, biz onları tədris müddətində tələbələrə aşılaya bilək.

KİV bütün dövrlərdə cəmiyyətin həyatında mühüm rol oynayıb. Sizcə, hələ də bu missiyanı davam etdirə bilirmi?

- Mənə elə gəlir ki, dünən də, bu gün də KİV cəmiyyətin həyatında mühüm rol oynayır. KİV cəmiyyətdə müxtəlif təhlillər aparır, ictimai rəyə təsir edir. Bir sözlə, cəmiyyətin həyatına işıq saçır, maarifləndirir. Bunları nəzərə aldıqda KİV-in hər zaman aydın missiyası olmuşdur. Sadəcə hansı şəraitdə və missiyanı necə yerinə yetirməsi barədə müəyyən fərqlər ola bilər.

Müasir dövrdə jurnastikanın çatışmayan cəhətləri nədir və buları necə aradan qaldıra bilərik?

- Çatışmayan cəhətlər dedikdə peşəkarlıqda olan problemlər, jurnalistlərin mənəvi keyfiyyətləri ilə bağlı problemləri nəzərdə tutmaq olar. Amma mən bu gün jurnalistikanın əsas ciddi nöqsanlarından birini onun təbliğatla qovuşmasında görürəm. Ona görə də biz bunları ciddi şəkildə bir-birindən ayırmalıyıq və jurnalistikanı sırf cəmiyyətə xidmət edən, onu məlumatlandıran sosial institut kimi inkişaf etdirməliyik. Buna nail olmaq üçün də jurnalistikaya sırf cəmiyyəti məlumatlandıran platforma kimi baxmalıyıq.

Məmur və jurnalist arasındakı münasibətlər necə tənzimlənməlidir?

- Məmurlar hakimiyyəti təmsil edir, jurnalistlər isə daha çox ictimai nəzarətçi funksiyasını yerinə yetirir. Ona görə də bu iki tərəf arasında daim qarşıdurma olur. Amma ağıllı cəmiyyətlərdə bu münasibətlər normal şəkildə tənzimlənir. Jurnalist doğrunu yazanda, qərəzsiz olanda az problem olur. Məmur mediaya qarşı anlayışlı olanda heç bir problem olmur. Bu münasibətlər sivil qaydalarla, Ombudsman İnstitutu, Mətbuat Şurası və yaxud etik qaydalar kodeksi ilə tənzimlənə bilər.

Jurnalistika fakültəsində təhsil alan tələbələrin peşəkarlaşması yönündə hansı tədbirlər həyata keçirilir?

- Fakültənin əsas məqsədi tələbələrə jurnalistikanın təməl biliklərini öyrətmək, onların müxtəlif araşdırmalar aparmaq qabiliyyətinə yiyələnməsi, televiziya və radio verilişləri hazırlamaq kimi bacarıqların öyrədilməsidir. Bunların hamısı onları gələcək iş yerləri üçün hazırlayır. İndi əvvəlki dövrlərdən fərqli olaraq fakültənin özündə də geniş imkanlar yaradılıb. Hal-hazırda bizim çox gözəl televiziya studiyamız var, fakültənin özünün saytı fəaliyyət göstərir. Bu platformaları səmərəli hala gətirməklə biz tələbələrimizi yaxşı jurnalist kimi yetişdirə bilərik. Bunun üçün əvvəl tələbələrdən xüsusi maraq, çalışqanlıq tələb olunur. Tələbəlik elə bir dövrdür ki, bu dövrdə öyrənmək, müəyyən vərdişlərə yiyələnmək, gələcək kariyeranın təməlini qoymaq lazımdır.

Paylaş
Şərh əlavə et