Bu gün:

“Ölü buğa matadoru” əsəri


1864-cü ildə çəkilmiş “Ölü buğa matadoru” rəsmi əslində daha böyük bir əsər olan “Buğa döyüşü hadisəsi”nin bir hissəsi idi.

Rəsmin qeyri-mütənasib olması ilə bağlı tənqidlərdən sonra rəssam bu əsəri iki hissəyə ayırıb. Buğanın döyüşçü ilə müqayisədə ölçüsü xüsusilə tənqid edilib. Bir çox əsərlərini kəsib yenidən rəngləməsi ilə tanınan Manet üçün bu təcrübə qeyri-adi olmayıb.


“Buğa döyüşü hadisəsi” rəsminin ayrılması iki kiçik, lakin daha gərgin əsərlə nəticələnib. Bir hissəsi “Buğa döyüşü”, digər hissəsi isə “Ölü buğa matadoru” kimi tanınıb.


Manet, buğa döyüşü təsvirlərini rəsmdən çıxarıb. Fon qaranlıq və düzdür. Bu, döyüşcünün bədənini vurğulamağa xidmət edir. Tamaşaçının gözü başqa heç bir görüntüdən yayınmadan matadorun fiquruna çevrilir. Rəsmdə yerə yıxılmış, bədəni tamaşaçıya tərəf çevrilmiş buğa döyüşçüsü təsvir edilib. O, ağ corabından və kəmərindən başqa tamamilə qara geyinib. O, ağ örtüyünü sol əlində tutub. Buğa matadorunun fiquru, qara saçlarının altındakı solğunluqdan tutmuş, ipək corablarına və parlaq ayaqqabılarına qədər son dərəcə real görünür. Rəssam işığın və rəngin ağıllı istifadəsi ilə hər bir xırda detalı çəkib.


Manetin “Ölü buğa matadoru” əsərini yaratmaq üçün “Buğa döyüşü hadisəsi” tablosunu iki yerə bölməsinin səbəbi, matadorun ətrafındakı hər şeyi boşaldaraq, rəsmdəki dramatik effekti artırmaq istəməsi olduğu güman edilir.

Manetin ölü matador çəkməsinin səbəbinin bir müddət əvvəl itirdiyi atasının ölümü ilə bağlı ola biləcəyini iddia edənlər var. Başqa bir şərhə görə, o, uzun illər birlikdə olduğu və atasının ölümündən sonra evlənmələri üçün heç bir maneə olmadığı Suzanne Leenhoffun qarşısında tələyə düşmüş kimi hiss etməsi və özünü buğa döyüşçüsü ilə eyniləşdirdiyidir.


Rəsmin 17-ci əsrdə yaşamış ispan rəssamı Dieqo Velazkesin "Ölü əsgər" tablosundan ilhamlandığı güman edilir. Əsgərin bədəni Manetin matadoru ilə eyni mövqedə və eyni bucaqda yerləşir. Bundan əlavə, hər iki rəsmin rəngləri çox oxşardır.


Bu oxşarlıqlara baxmayaraq, Ölü Matador özlüyündə şah əsərdir. Manet bu rəsmlə çox real və qalıcı bir obraz yaradıb.


Mənbə: TheHistoryOfArt

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et