Bu gün:

Solaxaylar-Fərqliliklərin gücü


Dünya əhalisinin yanlız 10-12%-i solaxaydır. Bu kiçik faiz, çoxlarının "adi" hesab etdiyi sağ əllə işləmə vərdişindən fərqli olaraq, unikal bir qrupun varlığını ifadə edir. Solaxaylar həmişə sirli, fərqli və bir qədər də xüsusi hesab ediliblər.

Solaxaylıq uzun əsrlər boyu fərqli yanaşmalarla qarşılanıb. Qədim Romada sol əllə iş görmək bəzi hallarda uğursuzluq əlaməti sayılırdı. Hətta latınca "sinistra" sözü həm "sol", həm də "pis niyyətli" mənasını verirdi. Buna baxmayaraq, tarixdə bir çox şəxsiyyətlər solaxay idi: Leonardo Da Vinçi, Napoleon Bonapart, Mariya Kürü, Albert Eynşteyn, hətta məşhur rəssam Mikelancelo. Onların solaxay olması yaradıcılıqlarında və düşüncə tərzlərində fərqliliklər yaradıb.

Solaxaylar daha çox sağ beyin yarımkürəsinə bağlıdır, bu isə yaradıcı düşünmə, musiqi və sənətə meyilliliklə əlaqələndirilir. Elmi araşdırmalar göstərir ki, solaxaylar problemləri fərqli yolla həll etməyə daha çox meyillidirlər. Sol əllə yazmaq və işləmək beyni daha aktiv saxlayır, çünki əksər dünyəvi vasitələr sağ əllilər üçün dizayn edilib.

Bir zamanlar solaxay uşaqları sağ əllə yazmağa məcbur edirdilər. Bu, həm onların yazı keyfiyyətini aşağı salır, həm də psixoloji təsir göstərirdi. Ancaq bu gün solaxaylıq artıq unikal bir fərqlilik kimi qəbul edilir. Hətta araşdırmalar göstərir ki, solaxaylar arasında liderlik qabiliyyətinə daha çox rast gəlinir.
Solaxaylar hər nə qədər azlıq təşkil etsələr də, dünyaya xüsusi töhfələr verirlər. Onların dünyaya fərqli baxışları bir çox sahələrdə innovasiyalar gətirib. Hər bir solaxay öz fərqliliyini üstünlük kimi qəbul etməli və bu bənzərsiz xüsusiyyətə sahib olduğu üçün qürur duymalıdır.

Mənbə: Cumhuriyet
Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et