
Kloun qorxusu ilə bağlı yeni bir araşdırma insanların yeganə məqsədi tamaşaçılarını güldürmək olan klounlardan niyə qorxduğunu aşkar etmək məqsədi daşıyıb.
Kloun qorxusu və ya kulrofobiya müxtəlif mədəniyyətlərdə həm böyüklərdə, həm də uşaqlarda ümumi bir vəziyyətdir.
Bu yaxınlarda “Frontiers in Psychology” akademik jurnalında dərc olunan yeni araşdırmada Cənubi Uels Universitetinin alimləri 64 ölkədən 1000-ə yaxın yetkin iştirakçı arasında keçirilən beynəlxalq sorğunun məlumatlarını qiymətləndiriblər və müəyyən ediblər ki, iştirakçıların yarıdan çoxu müəyyən dərəcədə kulrofobiya olduğunu bildirib.
Araşdırmaya görə, klounların şişirdilmiş üz cizgiləri və emosiyalarını gizlədən makiyaj insanların onlardan qorxmasının əsas səbəbidir. Digər səbəb isə Stiven Kinqin “O” (It) kitabındakı Penivayz personajında olduğu kimi məşhur mədəniyyətdə klounların mənfi təsvirləridir.
İştirakçılar arasında ən yüksək bal toplayan digər amil isə klounların gözlənilməz davranışlara malik olması iddiası olub.
Tədqiqatçılar qeyd ediblər ki, respondentlər arasında razılığın ən aşağı səviyyəsi klounlarla qorxulu şəxsi təcrübədən yaranan qorxudur.
Tədqiqatçılar həmçinin "xəstəliyi və yoluxmanı xatırladan" makiyajın qızartısının böyüklər və uşaqlar arasında qorxunun yaranmasında da rol oynaya biləcəyindən şübhələniblər.
Mənbə: indyturk.com
Tərcümə etdi: Sona Osmanova
