Bu gün:

Şumer mifologiyasında 5 böyük tanrı və tanrıça


An (Anu) 


Şumer mifologiyasında An səma tanrısı kimi qeyd olunub. Tanrı Urasın nəvəsi hesab edilən An sonradan onunla eyniləşib. Babil və Akkad mifologiyasında ona Anu kimi sitayiş edirdilər. Tanrıların atası kimi tanınan An günahkarları hüzuruna çağırdıqdan sonra onları mühakimə etmək səlahiyyətinə malikdir. Şumer ənənəsində An yerdən, yəni "Ki"dən ayrıldıqda səmanı ələ keçirərək kainatı yaradıb.


Enki(Ea) 


Şumerlərdə "suların tanrısı" kimi sitayiş olunan Enki akkad dilində Ea kimi xatırlanıb. Hikmət, dəniz və çay tanrısı kimi sitayiş edilən Enkiyə sitayiş edildiyi yer “dəniz evi” mənasını verən Apsu adlanır. Bəzilərinə görə, Enki An (Anu), ilahə Nammu və İşkur (Ada) tanrısının əkiz qardaşıdır. Enki şumerlərdə yaradıcı tanrılardan biri kimi xatırlanır və onun ana ilahə ilə birlikdə kainatın böyük bir hissəsini formalaşdırdığı deyilib. Enki çox vaxt balıq quyruğu olan keçi və ya yarı insan, yarı balıq kimi təsvir olunub.


Enlil (Ellil) 


Mesopotamiya tanrılar panteonunun ən əhəmiyyətli tanrılarından biri olan Enlil şumerlərdə hava/külək tanrısı olaraq xatırlanıb. Akkad mifologiyasında Ellil kimi tanınıb. O, göy tanrısı "An" və yer tanrısı "Ki"nin oğludur. Mesopotamiyada Nippurun mərkəzi tanrısı olaraq, o, bölgədə ibadət edilən ən böyük tanrı olub. Ninlil tanrılar arasında "küləklərin ağası" kimi təsvir edilən Enlilin həyat yoldaşı olub. Övladlarının adları; İnanna, Adad (İşkur), Nanna-suen (Nənnəsin), Nerqal, Ninurta (Ningirsu), Pabilsaq, Nüskü, Utu (Şamaş), Uraş, Zababa, Ennugidir.


Ninhursaq (Nintu, Ninmah)


Ninhursaq "Dağlar Kraliçası" və ya "Bərəkətli Kraliça" kimi tanınan Şumer ilahəsidir. O, Şumer tanrılar panteonunda ana ilahə kimi tanınıb və bir çox tanrı və ilahə doğurmuş hesab olunur. Ninhursaq su tanrısı Enkinin həyat yoldaşıdır. Doğuşla əlaqələndirilən ilahədir. O, ana bətnində həyatı formalaşdırmaq gücünə malikdir və fanilərin və tanrıların müqəddəs anasıdır. Şumerlərdən başqa, o, sonrakı dövrlərdə assuriyalıların və babillilərin də sitayiş etdikləri bir tanrıça idi.


İnanna (İştar)


 İnanna sevgi, məhsuldarlıq və müharibə ilahəsi, səma kraliçası və Şumer panteonunun ən mühüm ilahələrindən biri olub. Babildə İştar olduğuna inanılan tanrıçanın simvolu qamış dəstəsidir və tez-tez onun surətindən çıxan parlaq şüalarla təsvir olunub. İnanna Anın qızıdır və Şumerin Uruk şəhəri ilə bağlıdır. Başqa bir ənənəyə görə, o, ay tanrısı Nannanın qızı və günəş tanrısı Utunun bacısıdır. (İnanna və ya İştar müxtəlif ənənələrdə Enlilin və hətta Enkinin qızı kimi də görülüb.)


Mənbə: okuryazarim

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et