Hər sevgi bir nağıla bənzəyir, amma Əli və Ninonun sevgisi tarixlə nağılın, həqiqətlə xəyalın iç-içə keçdiyi nadir bir hekayədir. Qurban Səidin qələmindən süzülən bu hekayə təkcə iki gəncin eşqini yox, həm də millətlərin, mədəniyyətlərin, dünyaların birləşməsini əks etdirir.
Əsərin mərkəzində Əli və Nino dayanır- biri müsəlman, Şərqin övladı; digəri isə xristian, Qərbin gülü. Onların Bakıda başlayan hekayəsi Azərbaycanın qədim torpaqlarında, Qafqazın sehrli təbiətində canlanır. Əlinin coşqun xarakteri və Nino ilə bağlı hissləri, oxucunu hər səhifədə fərqli bir duyğuya sürükləyir. Bu eşq iki fərqli dünyanın bir araya gəlməsi qədər çətin, amma bir o qədər də ilahi bir bağdır.
Əli üçün Nino sadəcə bir qadın deyildi, o qərbin təcəssümü idi- zərif, fərqli, amma eyni zamanda ona çox yaxın. Ninonun baxışları Əliyə sanki sonsuz bir üfüq açırdı, o üfüqdə mədəniyyət fərqləri yox olur, yalnız sevgi hökm sürürdü.
Əsərdə eşq yalnız şəxsi duyğu kimi təsəvvür edilmir. Əli və Ninonun münasibəti Azərbaycan torpaqlarında baş verən mədəniyyətlərarası mübarizənin simvoluna çevrilir. Onların sevgisi yalnız fərdlərin deyil, Şərq ilə Qərbin barışına inanan hər kəsin arzusudur. Əli və Nino, bir-birini tamamlayan iki dünya kimi yalnız birlikdə tam bir mənzərə yarada bilərdilər.
Müharibə, mədəniyyət təzyiqləri, ənənələr onların yolunda maneələr yaratdı. Əli üçün Nino uğrunda hər şeydən keçmək, hətta ölümə meydan oxumaq belə adi bir fədakarlıq idi. O, “Əgər, sənin yanındayamsa, hər şey mənimdir" deyə düşünürdü.
Nino isə Əlini yalnız bir sevgili deyil, həm də öz dünyasına açılan yeni bir pəncərə kimi görürdü. Onların sevgisi yanlız duyğularla deyil, həm də qarşılıqlı anlayışla bəslənirdi. Bu anlayış millətləri və fərqlilikləri aşaraq, insanın təməl ehtiyaclarına - sevmək və sevilmək arzusuna xidmət edirdi.
Romanın sonluğu isə hər oxucunun qəlbində dərin iz buraxır. Sevgi həmişə qalib gəlməsə də, onun yaratdığı duyğular əbədi olur. Əli və Nino kimi sevgilər bir xalqın yaddaşına həkk olunur və gələcək nəsillərə ilham verir.
Hazırladı: Zeynəb Həsənova