Gecələr parlaq işığa məruz qalmaq və gün ərzində kifayət qədər gün işığı almamaq vaxtından əvvəl ölüm riskini artıra bilər. Flinders Universitetinin beynəlxalq tədqiqat qrupu təbii yuxu rejiminin və sirkadiyalı ritmin pozulmasının ölümcül ola biləcəyini vurğulayan yeni bir araşdırma aparıb.

Yuxu üzrə alim və tədqiqatın müəllifi Sean Cain: "Parlaq gecələr və qaranlıq günlərə məruz qalmaq sirkadiyalı ritmi poza bilər",- deyib,- "Bu pozğunluq diabet, piylənmə, ürək-damar xəstəlikləri, psixi sağlamlıq problemləri və ölüm riskinin artması da daxil olmaqla müxtəlif sağlamlıq problemlərinə səbəb olur."
Sirkadiyalı ritm bədənimizin işıq və qaranlığın təbii dövrünə uyğunlaşan bioloji saatı kimi tanınır. Bu ritmin pozulması, həyat tərzimiz, vərdişlərimiz nəticəsində yaranan zərərli işığa məruz qalma ilə əlaqələndirilə bilər.
Yüksək gecə işığı ölüm riskini 34 faizə qədər artırır.
Tədqiqatçılar bir həftə ərzində İngiltərənin sağlamlıq məlumat bazasında 88 905 nəfərin taxdığı işıq sensorlarından əldə edilən məlumatları təhlil ediblər və bu şəxsləri təxminən səkkiz il izləyiblər. Tapıntılar aşağıdakılardır:
Gecə yüksək işığa məruz qalmaq ölüm riskini 21 faizdən 34 faizə qədər artırır.
Gün ərzində yüksək işığa məruz qalmaq ölüm riskini 17 faizdən 34 faizə qədər azaldır.
Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, işıq dövrlərinin sağlamlıq və ölümlə güclü əlaqəli olduğu qənaətinə gəlir.
Tədqiqatın müəlliflərindən biri olan Daniel Windred, xüsusilə, reanimasiya və ya yaşlı baxım müəssisələri kimi sirkadiyalı ritm və ölüm riskinin həssas olduğu mühitlərdə işıq modelinin qorunmasının vacib olduğunu vurğulayıb.
Tədqiqatda iştirakçıların sirkadiyalı ritmlərinin gücü və nizamlılığı ilə ölüm nisbətləri arasındakı əlaqə kompüter modelləşdirməsi ilə də dəstəklənib. Bu tapıntılar bədənin təbii axınının pozulmasının ciddi xəstəliklərə səbəb olduğu və vaxtından əvvəl ölümə səbəb olduğu fikrini gücləndirir.
Sadə, lakin təsirli bir həll
Yaxşı xəbər budur ki, bu problemi həll etmək olduqca asandır. Daha çox gün işığına məruz qalma və gecə süni işığın məhdudlaşdırılması həm sağlamlığı, həm də ömrü yaxşılaşdıra bilər.
Yuxu üzrə alim Andrew Phillips deyir: “Gecə işıqdan qaçmaq və gündüz işığı axtarmaq sağlamlıq və uzunömürlülüyü artıra bilər. Bu təklif asan, əlçatan və qənaətcil bir həlldir".
Mənbə:TRT haber
Tərcümə etdi: Səma İsmayılova
