Arıqlamaq bir çox insanlar üçün çətin bir səyahət ola bilər və arıqlayan insanların çoxu verdiyi çəkiləri geri ala bilər. Müxtəlif nəzəriyyələr arıqlamağın nə üçün çətin olduğunu izah etməyə çalışıb və aşağı kalori qəbuluna bağlı olaraq, metabolik sürətin azalması "yo-yo" effekti kimi tanınan şeyin arxasında ola bilər.
İsveçrədəki ETH Sürixdəki tədqiqatçılar tərəfindən aparılan yeni bir araşdırma bu fenomenin molekulyar izahını təqdim edir.
Nəşr edilən araşdırma həyat tərzindən və ətraf mühitdən asılı olaraq, genlərin işində dəyişiklikləri nəzərdə tutan epigenetikanın uzunmüddətli təsirləri səbəbindən bədənin piy hüceyrələrinin arıqladıqdan sonra da piylənmə "yaddaşını" saxladığını müəyyən edib. Bir şəxs artıq çəkidə olduqda, piy hüceyrələri sonradan arıqlasa da, epigenetik markerlər onları inkişaf etdirə bilər.
Nəticədə, piy hüceyrələrinin normal fəaliyyəti pozula bilər və onların piy saxlama tərzi və pəhriz dəyişikliklərinə reaksiyası insanın obez olduğu vaxtdan dəyişməz olaraq qalar.
Bu tapıntılara çatmaq üçün tədqiqatçılar mədə bypass və ya mədənin kiçilməsi kimi arıqlama əməliyyatları keçirmiş insanlardan alınan yağ toxuması nümunələrini araşdırıblar.
Tədqiqat iştirakçılarının piy hüceyrələrinin, hətta əməliyyatdan iki il sonra da artıq çəki olan zamanlardakı kimi davrandığı müəyyən edilib.
Tədqiqatçılar, həmçinin, siçanlar üzərində arıqlamadan əvvəl və sonra piy hüceyrələrini təhlil edərək təcrübə aparıblar. Onlar əvvəlcə siçanları yüksək yağlı pəhrizlə qidalandıraraq kökəldiblər, sonra isə arıqlamağa təkan vermək üçün onları standart pəhrizə keçiriblər. Tədqiqatçılar müəyyən ediblər ki, siçanları kökəltmək piy hüceyrələrində müəyyən dəyişikliklərə səbəb olub ki, bu dəyişikliklər arıqladıqdan sonra belə davam edir və əvvəlki piylənmənin "yaddaşı" rolunu oynayır.
Bu dəyişiklikləri olan siçanlar yüksək yağlı pəhrizə yenidən məruz qaldıqda, daha sürətli kökəliblər və yenidən piylənmələri daha rahat olub .
Tədqiqatçılar bu hüceyrə yaddaşının nə qədər davam etdiyini araşdırmasalar da, tədqiqatın həmmüəllifi Laura Hinte bu yağ hüceyrələrinin "uzun ömürlü" olduğunu və "bədənimiz onları yeni hüceyrələrlə əvəz etməzdən əvvəl on ilə qədər" sağ qaldığını deyib.
Tədqiqatın həmmüəllifi, qidalanma professoru Ferdinand von Meyenn: "Məhz bu yaddaş effektinə görə, ilk növbədə artıq çəkidən qaçınmaq çox vacibdir. Çünki bu, yo-yo effekti ilə mübarizə aparmağın ən sadə yoludur",- deyib.
Mənbə: euronews
Tərcümə etdi: Səma İsmayılova
