Bu gün:

Nüvə enerjisinin yenidən yüksəlişi: Gerçəklik, yoxsa Xəyal?


Getty Images The Three Mile Island nuclear power station

On il əvvəl qlobal nüvə enerjisi sənayesinin tənəzzülə uğrayacağı gözlənilirdi. Təhlükəsizlik, xərc və radioaktiv tullantıların saxlanması məsələləri bu texnologiyanın populyarlığını azaldırdı. Lakin bu gün “Microsoft”, “Google” və “Amazon” kimi texnologiya nəhənglərinin sahəyə investisiya yatırması və zəngin ölkələrin karbon emissiyalarını azaltmaq təzyiqləri ilə nüvə enerjisinin yenidən yüksəlməsindən danışılıb.

İlk dəfə 1950-60-cı illərdə inkişaf edən kommersiya nüvə enerjisi hökumətləri sonsuz potensiala inandırıb. Lakin “Çernobıl” (1986) və “Fukişima” (2011) fəlakətləri nüvə enerjisinə qarşı geniş müxalifətə səbəb olub. Bu, nəticədə, sənayenin böyüməsini əngəlləyib. 2011-2020-ci illər arasında qlobal elektrik istehsalında 48 GW itki yaşanıb.

Lakin Çin nüvə enerjisinə olan ehtiyacını artıraraq 2011-ci ildə 13 olan nüvə reaktorlarını bu günə qədər 55-ə çatdırıb və 23 yeni reaktor inşa edir. Digər ölkələrdə də bu sahəyə maraq artıb. 2024-cü ilin ən isti il olacağı proqnozlaşdırılır və bu karbon emissiyalarını azaltmaq üçün təzyiqləri gücləndirir. Məsələn, Cənubi Koreya nüvə stansiyalarının bağlanması planlarını ləğv edib, Fransa isə nüvə enerjisinə olan asılılığını artırmağı hədəfləyir.

ABŞ və Birləşmiş Krallıq 2050-ci ilə qədər nüvə enerjisi istehsalını üçqat artırmaq niyyətlərini təsdiqləyiblər. Eyni zamanda, böyük texnologiya şirkətləri süni intellektin artan tələblərini qarşılamaq üçün sabit enerji mənbələrinə ehtiyac duyurlar. “Microsoft”, “Three Mile Island” stansiyasını yenidən işə salmaq üçün 20 illik müqavilə bağlayıb, “Google” isə kiçik modullu reaktorların (SMR) inkişafını dəstəkləyir.

SMR-lər ənənəvi reaktorların yüksək inşaat xərclərini və təhlükəsizlik tələblərini aşmağı hədəfləyir. Lakin hələ ki bu texnologiya kommersiya baxımından sübut olunmayıb. Nüvə enerjisinə dair fikirlər hələ də qarşıdurmalıdır. Bəzi mütəxəssislər onu təmiz və etibarlı enerji mənbəyi hesab edir, digərləri isə bunun çox bahalı və ekoloji olaraq təhlükəli olduğunu bildirir.

Son olaraq, nüvə enerjisinin yeni dövrü üçün ən böyük maneə hələ də radioaktiv tullantıların idarə edilməsi məsələsidir. Ən çox irəliləyiş Finlandiyada müşahidə olunsa da, bu problemlərin həlli, nüvə enerjisinin gələcəyi üçün həlledici rol oynaya bilər.

Mənbə : BBC NEWS

Tərcümə etdi : Xavər Məmmədli

Paylaş
Şərh əlavə et