Bu gün:

Vinsent Van Qoq - "Çiçək açan badam ağacı"


"İncəsənətin inciləri" rubrikası Van Qoqun "Çiçək açan badam ağacı" əsərini təqdim edir.

Yeni bir həyatı simvolizə edən badam çiçəkləri yazın gəlişi ilə badam budaqlarını bəzəyir. Van Qoq qardaşına yazdığı bir məktubda çəkdiyi bu tablo haqqında belə deyib: “Ən səbirli şəkildə işlədiyim, ən sakit və zərif toxunuşlarla çəkdiyim, ən yaxşı işim budur”.

Həqiqətən də, tabloya diqqətlə baxanda rəssamın onu yaratma prosesindəki ruh halının və sakitliyinin əsərə əks olunduğunu görmək mümkündür.

Vinsent Van Qoq dostlarına və ailə üzvlərinə yazdığı hər məktubda dəfələrlə Yaponiyadan bəhs edib. Təsadüfi deyil ki, XIX əsrin ikinci yarısında Avropada yapon sənəti və mədəniyyəti olduqca məşhur idi. Van Qoqun böyük heyranı olduğu iki yazar Edmond de Qonkurt və Emil Zola Yaponiyadan ətraflı yazıblar. Ədəbiyyat və sənət vurğunu olan Vinsent bu iki şəxs vasitəsilə yapon mədəniyyətinə qarşı dərin bir heyranlıq hiss etməyə başlayıb. Başqa bir yazar olan Pierre Lotiyə də heyran olan Van Qoq Pyer Lotinin “Madam Xrizantema” adlı kitabı Van Qoqun yapon ənənələrini təsəvvür etməsinə çox təsir edib. Rəssamlıq karyerası boyunca rəssam üç yapon rəsm əsərini tamamilə köçürüb, digər bir çox əsərində isə Yapon təsiri altında qalıb.

Əsərinə başlamazdan əvvəl böyük yapon rəssamlarının əsərlərini diqqətlə araşdıran Van Qoq, həmin əsərlərdə istifadə edilən texnikalardan təsirlənib və bunları təcrübədən keçirmək istəyib. Van Qoq qardaşı Teodan aldığı bir məktub əsasında "Çiçək açan badam ağacı" üzərində işləməyə başlayıb. Qardaşı ona məktubda bir oğlunun dünyaya gəldiyini və adını Vinsent qoyduğunu yazıb. Bu sevindirici xəbəri aldıqdan sonra Van Qoq, “Dərhal onun üçün, yataq otağına asmaq üçün bir rəsim çəkməyə başladım: mavi səma qarşısında ağ çiçək açan badam budaqları”,– deyə yazıb.

Digər məlumatlara görə, “Çiçək açan badam ağacı” əsərinin tarixi 1888-ci ilə gedib çıxır. 1888-ci ildə Arlda ruhi xəstəxanada qaldığı müddətdə bağçadakı çiçəkləri incələyən rəssam bu müşahidələrlə özünə terapiya tətbiq edib. Xüsusilə, yazın gəlişi ilə tumurcuqlanan ağac budaqlarına heyran qalıb. Tumurcuqlanan çiçəkləri öz təxəyyülü ilə birləşdirərək müxtəlif üslublarda kətan üzərinə köçürüb. 1888-ci ilin mart ayında yazdığı bir məktubda hava şəraitindən və badam ağaclarının tam çiçək açmasından bəhs edərək “Buradakı hava dəyişkən ola bilər, adətən küləkli və çalxantılı göy üzünə malikdir, lakin hər yerdə badam ağacları çiçək açmağa başlayır”,– deyə qeyd edib. 

Tablonu tamamlayıb qardaşı oğluna hədiyyə etdikdən bir neçə ay sonra öz həyatına son qoyan Van Qoq, bəlkə də, qardaşı oğlu Vinsent Van Qoqun yeni həyatını simvolizə edərək öz həyatını bu yeni başlanğıcla bitirmək istəyib.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et