Bu gün:

Sakit hərrac incəsənət yardım təşkilatının 40 illiyini qeyd edir


Surrey bölgəsində öyrənmə çətinliyi olan böyüklər üçün incəsənət studiyaları təşkil edən bir yardım təşkilatı, 40 illiyini sakit bir hərracla qeyd edir. Artventure Trust, Merrow və Bramley-də yerləşən studiyalarda həftəlik 55 nəfər üçün incəsənət seminarları keçirir. Təşkilatın ildönümünü qeyd etmək üçün sənətçilər 40 əsər bağışlayıblar.


Direktor Marian Kehrling bildirib ki, "incəsənət əsərləri xüsusi olaraq bu fürsət üçün diqqətlə seçilib və hər kəs üçün maraqlı bir şey tapılacağına inanıram".

O, sənət dərslərinin, sözlə ifadə edə bilməyən insanlar da daxil olmaqla, iştirakçılar üçün özlərini ifadə etməyin dəyərli bir yolu olduğunu əlavə edib:


    “Onların sənətlə məşğul olaraq özlərini tamamilə ifadə etdiklərini görmək ən gözəl şeydir. Bununla yanaşı, bu prosesdə öz səslərini tapdıqlarını müşahidə etmək də çox təsir edicidir.”


Sənətçi Nico Attallah isə belə deyib:


    “Sənətimin bir başqası tərəfindən alınmasını ümid edirəm.”

O, əsərinin birinin divardan asılmasının onu “təəccübləndirəcəyini və heyrətə salacağını” bildirib:

“Hətta özümü belə təəccübləndirəcəm,” deyə əlavə edib. Nico, sənət yaratmağın “insanın özünü azad hiss etməsinə kömək etdiyini” vurğulayıb:

“Bu, sizin olduğunuz insan olmağınıza dəstək olur. Sənətdə istədiyinizi edə bilərsiniz və heç kim sizi kim olduğunuz üçün mühakimə edə bilməz.”


Digər iştirakçı Pippa Mathers də sənət yaratmağı sevdiyini bildirib:


    “Bu, bir növ azadlıq hissi verir. İçinizdən nə keçirsə, onu ortaya çıxara bilərsiniz.”


Artventure-in müvəkkil heyətinin üzvü Sue Cundell isə bildirib ki, Artventure iştirakçılarının yaratdığı əsərlər Guildford Dəmiryolu Stansiyası və Electric Theatre kimi Surrey boyunca bir çox yerlərdə sərgilənir.


    “Bu əsərlərin çərçivəyə alınıb sərgiləndiyini görmək onların özünəinamını artırır,” deyə əlavə edib. “Sənət əsərləri haqqında danışmağa başlayanda gözləri parlayır. Bu onlara fokuslanacaqları bir şey verir və bu barədə danışdıqca canlanırlar.”


Əsərlərə təkliflər 1 dekabr şənbə gününə qədər qəbul olunur. Bundan əlavə, Artventure Trust veb saytı vasitəsilə Milad kartları da satışa çıxarılıb.


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et