
Qızıl arzusu bütün dövrləri, millətləri və xalqları əhatə edir. Hər hansı bir miqdarda qızıl sahib olmaq, daha çox əldə etmək üçün doymaz bir istəyin alovlanmasına səbəb olur.
Əsrlər boyu bu həvəs qızıl şəhəri ilə bağlı əbədi hekayənin yaranmasına səbəb oldu. 16-cı və 17-ci əsrlərdə avropalılar Yeni Dünyada El Dorado adlı böyük sərvətə sahib bir yerin olduğunu düşünürdülər. Bu xəzinəni tapmaq üçün apardıqları axtarışlar bir çox həyatı hədər etdi, ən azı bir adamın intiharına və başqa bir adamın edam edilməsinə səbəb oldu.
El Dorado'nun mənşəyi Cənubi Amerikanın dərinliklərindədir. İspaniyalı kəşfiyyatçılar 16-cı əsrin əvvəllərində Cənubi Amerikanın şimalına çatdıqda, bu gün Kolumbiya olan And dağlarında yaşayan yerli bir qəbilə haqqında hekayələr eşitdilər. Yeni bir başçının hakimiyyətə gəlməsi ilə onun hökmranlığı Guatavita gölü ətrafında bir mərasimlə başlamışdı. Mərasimlərin təfərrüatları fərqlənir, amma hamısı deyir ki, yeni hökmdar qızıl tozu ilə örtülüb və göldə su altında yaşayan bir allaha qurban olaraq qızıl və qiymətli daşlar atılırdı.
İspanlar bu qızıl başçını El Dorado, "qızıldan örtülmüş" adlandırdılar. Qızıl adamın mərasiminin 15-ci əsrin sonlarına doğru sona çatdığı iddia olunur, çünki El Dorado və onun vətəndaşları başqa bir qəbilə tərəfindən məğlub edildi. İspanlar və digər avropalılar sərvətin böyük bir hissəsini ələ keçirsələr də, onlar daha dərinlərdə sərvətin mərkəzi olan şəhərin olduğunu güman edirdilər. Ancaq ispanlar El Dorado'nu tapa bilmədilər, amma onlar Guatavita gölünü tapdılar və 1545-ci ildə onu qurutmağa çalışdılar. Gölün səviyyəsini aşağı saldılar və gölün kənarında yüzlərlə qızıl parçası tapdılar. Lakin, daha dərin sularda olduğunu düşündükləri möcüzəvi xəzinə onların əlinə keçmədi.
Mənbə: National Geographic
Tərcümə etdi: Arzu Qafarova
