Bu gün:

Leonardo da Vinçi -"Son şam yeməyi"


"İncəsənətin inciləri" rubrikası Leonardo da Vinçinin "Son şam yeməyi" əsərini təqdim edir.

Orijinal adı "Cenacolo" olan, Azərbaycan dilində "Son şam yeməyi" kimi tanınan tablo XV əsrdə Milanoda Duke Lodovico Sforzanın istəyi ilə çəkilib. İsa Məsihin Roma əsgərləri tərəfindən tutulmasından bir gün əvvəl həvariləri ilə birlikdə yediyi son axşam yeməyini əks etdirən bu əsər Leonardo da Vinçinin məşhur işlərindən biridir.

"Son şam yeməyi" tablosunun mövzusu əslində xristianlığın yeni əhdində danışılan hadisələrin vizual bir şərhidir. Tablo İsanın ona xəyanət ediləcəyini öyrəndikdən sonra bu xəbəri həvarilərinə çatdırdığı və onların reaksiyalarını müşahidə etdiyi anı təsvir edir.

Son şam yeməyində İsa və həvarilərin Müqəddəs Qədəhdən şərab içib çörək yedikləri məlumdur. Lakin Leonardo da Vinçinin "Son şam yeməyi" tablosunda nə şərab, nə də qədəhin təsvir olunmaması diqqət çəkən bir detaldır. Bu tablo dünyanın ən məşhur sənət əsərləri arasında yer almaqdadır.

Da Vinçinin "Son şam yeməyi" tablosunda xəyanət edəcək şəxs olan Yəhya (Yuhanna), yalnız üzü yandan görünən, saqqallı və əlində gümüşü rəngli qədəh tutan şəxs olaraq təsvir edilib. Yəhyanın bir qədər solunda təsvir edilən və yaşlı görünən şəxs isə Həzrət Peterdir (Aziz Petrus). Həzrət Peter İsanın baş həvarisi kimi tanınan ilk papadır. O, İsanı tutmağa gələcək Roma əsgərlərindən birinin qulağını kəsəcəyi bıçağı arxasında gizlədib.

"Son şam yeməyi" tablosunda bütün fiqurlar soldan sağa doğru belə sıralanıb: Bartalmay (Bartalomeus), Yaqub (Yakup), Andrey (Andreas), Yahuda, Peter (Petrus), Yəhya (Yuhanna), İsa, Tomas, Filip, Matta, Taddeus və Gayyur Şimon (Gayyur Simun).

Bu tablo 1495-ci ildə çəkilməyə başlanıb, 1498-ci ildə tamamlanmış bir əsərdir. XV əsrdə yaradılmış bu tablo İntibah dövründə böyük təsir yaratmış və bu gün də təsirini davam etdirərək diqqət mərkəzində qalmaqda, bir çox evləri bəzəməyə davam etməkdədir.

Sənət sevərlər və sənət tarixçiləri tərəfindən hələ də araşdırılan bu əsər, indiyə qədər aşkar edilmiş incə detalların kənarında, hələ də fərqli detalların kəşf edilə biləcəyi ehtimalını özündə saxlayır. Dünyaca məşhur Leonardo da Vinçinin "Son şam yeməyi" tablosu iş yerlərini, evləri, ofisləri və məktəbləri bəzəyən və bəzəməyə davam edən, diqqətlə incələndikdə isə insanda heyranlıq oyandıran fərqli detallarla zəngin bir sənət əsəridir.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et