
Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, bəlkə də həll yolu çox sadədir: bir qələm və kağız götürmək.
Tez-tez yuxuya gedə bilməməyinizin səbəbi ertəsi gün görməli olduğunuz işlər barədə narahatlıq ola bilər. Bu, xüsusilə yarımçıq qalan işləriniz varsa, daha da güclənir.
Almaniyanın bir İT şirkətində aparılan araşdırmaya görə, iş həftəsinin sonunda tamamlanmamış işləri olan işçilər həftə sonları da iş problemləri barədə düşünməyə daha çox meyilli olurlar. Trier Universitetindən tədqiqatçı Christine Syrek qeyd edir ki, tamamlanmamış tapşırıqlar işçilərin “davamlı düşüncələrini” artırır və bu hal, həftə sonu yuxularına, hətta vaxt təzyiqindən müstəqil olaraq, mənfi təsir göstərir.
Belə davamlı düşüncələr keçmişdəki və ya gələcəkdəki mənfi hadisələr barədə təkrarlanan narahatlıqlardır. Bu düşüncələr həftə sonu yuxularınızı poza, bazar gecəsi isə daha da güclənə bilər. Çünki ertəsi gün sizi həm yarımçıq işlər, həm də yeni tapşırıqlar gözləyir.
Bəs, bu narahatlıqların sizi oyaq saxlamaması üçün nə edə bilərsiniz?
• Qoyun saya bilərsiniz.
• Bir kitab oxuyaraq özünüzü başqa bir dünyaya apara bilərsiniz.
• Biraz zehinlilik məşqi edə və diqqətinizi nəfəsinizə yönəldə bilərsiniz.
• Və ya işığı yandırıb etməli olduğunuz bütün işlərin siyahısını tərtib edə bilərsiniz.
Sadəcə bir siyahı hazırlamaq narahatlığınızı azaltmağa və fikrinizi rahatlatmağa kömək edə bilər. Yatmazdan əvvəl beyninizi boşaltmaq üçün bu sadə üsulu sınamağa dəyər.
Mənbə: BBC
Tərcümə edən: Qüdrət Məmmədova
