
"Güzgünün qarşısındakı qız" 1932-ci ildə çəkilib. Bu əsər Pablo Pikassonun həmin dövrdə istifadə etdiyi üslubda yaradılıb və əvvəlki dövrlərdə sənətdə tez-tez istifadə olunan Kibir obrazını xatırlatsa da, Pikasso burada vurğunu dəyişdirib və tamamilə fərqli bir görünüş təqdim edib. Bu əsər Pikassonun sənətindəki erotiklik baxımından tənqidçilər tərəfindən dəyərləndirilib və müxtəlif dövrlərdə geniş spektrdə reaksiyalar doğurub. Əsərdə təsvir olunan kiçik qız Mari-Terez Valterdir və o, 1930-cu illərdə Pikasso tərəfindən dəfələrlə təsvir edilib.
"Güzgünün qarşısındakı qız" Pikassonun kubizm dövrünə aiddir. Pikasso bu əsərdə olduqca cəsur bir rəssam kimi çıxış edib. Əsərin əsas diqqət mərkəzi kimi seçilmiş arxa plan belə güclü təsvir edilib. Pikasso modernizm adlanan hərəkatın bir hissəsi idi. Modernizm fərqli bədii üslubları və estetik reaksiyaları bir araya gətirən anlayış olub, iyirminci əsrin əvvəllərində müəyyən bədii və ədəbi meyillərə tətbiq edilmişdir. Bu dövrdə modernizm ənənəvi realizmdən uzaqlaşmağı, mürəkkəb formalar və yeni üslubların qəbul edilməsini vurğulamış, dünyanı fərqli şəkildə görmək və fərqli əlaqələri göstərməyi hədəfləmişdir. Bu hərəkat XIX əsrdə mövcud olan ənənələri rədd edərək sərhədləri aşmağa çalışıb.
Rəsmi yaxından incələdikdə, tablonun müxtəlif hissələrində çoxlu simvolları şərh etmək mümkündür. Məsələn, qadının üzü həm profildən, həm də birbaşa baxış bucağından təsvir edilib. Bir tərəfdə, makiyajı ilə daha çox qadınlıq ifadə edən gündüz obrazı göstərilir. Digər tərəfdə isə gecə təsvir olunur — sərt kömür toxumasına malik olan tərəfdir. Bu, makiyaj maskasını çıxardığı və gənc bir qadın kimi daha müdafiəsiz olduğu zamandır. Rəsmi şərh etməyin bir üsulu da qadının güzgüyə baxdığı anıdır. Burada o, özünü yaşlı qadın olaraq görür. Alnındakı yaşıl rəng, üz xəttlərinin tündləşməsi, gənc bədəninin deformasiyaya uğraması və cazibə qüvvəsinin təsiri altında olduğuna işarə edən xətlər ilə ifadə edilir. Bu rəsmin başqa bir təfsiri isə qadının özünüdərk etməsini və dünyanın görmədiyi bütün qüsurları özündə görməsini əks etdirir.
Mənbə: pablopicasso.org
Tərcümə edən: Talehə Hüseynzadə
