“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi
“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Hər il qəbul imtahanlarında onlarla gənc yüksək bal toplayaraq valideynlərinin və müəllimlərinin qürur mənbəyinə çevrilməklə yanaşı, gələcək abituriyentlərə də stimul olurlar. 24media.az imtahanlarda yüksək nəticə göstərən tələbələrlə müsahibələri təqdim edir. Budəfəki müsahibimiz 586 bal toplayaraq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olan Məhluqə Tağıyevadır.

O,  22 fevral 2002-ci ildə Naxçıvanda anadan olub. 7-ci sinifə qədər Naxçıvan şəhər 15 saylı tam orta məktəbdə, daha sonra Bakı şəhər 298 saylı tam orta məktəbdə təhsil alıb, 2019-cu ildə bu məktəbi fərqlənmə attestatı ilə bitirib. Məhluqə Tağıyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ingilis bölməsində təhsilini davam etdirəcək.

- Məhluqə, əvvəlcə imtahanlara hazırlıq prosesiniz barədə məlumat verərdiniz.

Universitetə qəbul olmaq ən böyük arzularımdan olduğu üçün orta məktəbdə yaxşı oxumuşam. 10-cu sinifdə isə hazırlıqlara başladım. Şagirdləri imtahanlarda yüksək nəticələr göstərən müəllimlərlə hazırlaşırdım. Müəllimlərimi araşdırmalar edərək özüm tapmışdım. Çalışqan olduğum üçün müəllimlərin də tələbkar olmaqlarını istəyirdim. Həftədə 6 dəfə məşğələlərə gedir, bazar günləri istirahət edirdim. Son ildə isə sınaq imtahanlarına daha çox üstünlük verdim. Test işləmək vərdişinə yaxşı yiyələnmək üçün evdə də onlayn sınaqlar edirdim. Hətta yemək yeyəndə belə test toplularını yanımdan əskik etmirdim.

- Nəyə görə hazırlıq kurslarına deyil, fərdi müəllimlərə üz tutdunuz?

Əvvəl tərəddüd edirdim, bu barədə bir qədər araşdırdım. Çox sual verməyi sevirəm, məlumatı kortəbii əzbərləyə bilmirəm. Kurs müəllimlərinin suallarıma cavab verəcək qədər vaxtları olmadığını düşündüm. Doğru seçim etmişəm, müəllimlərimin üzərimdə əziyyətləri böyükdür.

- Ən çox çətinlik çəkdiyiniz fənn hansı idi?

- Riyaziyyat. Bəzən yuxuda tənlik hesabladığımı xatırlayıram. Daha yüksək nəticə göstərməyimə başlıca əngəl də riyaziyyat fənni oldu. Sevmədiyim fənni öyrənə bilmirəm. Müəllim müəyyən qədər öyrətdi, amma daha çox tarix və ədəbiyyata meyilli idim.

-  Bir çox abituriyentlər imtahanda  həyəcanlı olduqlarını deyirlər. Maraqlıdır, siz imtahan zamanı hansı hissləri keçirirdiniz?

 İmtahan öncəsi həyəcanım yox idi. İştirak etdiyim heç bir sınaqda da bu hissi yaşamamışdım. İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi.Sanki bildiyim hər şeyi unutmuşdum. Hətta sual kitabçaları paylanıldıqdan sonra  20 dəqiqə sadəcə üz qabığına baxırdım. Həmin anda çox sevdiyim bir cümləni xatırladım: "Qorxuya qalib gəlməyin ən asan yolu qorxunun üstünə getməkdir". Cəsarətlənib kitabçanı açdım, bildiklərimi yazdım, nəticə də ürəyimcə oldu.

- Bəs imtahan sualları hansı səviyyədə hazırlanmışdı? Çətin idi, yoxsa asan?

Bildiyiniz kimi, kurikulum üsulu ilə imtahan verən ilk onbirincilər idik. Müxtəlif fikirlər olsa da, imtahan gözlədiyimizdən asan oldu. Təbii ki, bu məsələ fərdidir. Mənim üçün suallar çətin deyildi, situasiya sualları başda çətin gəlsə də, məntiqlə yanaşanda cavablarını asanlıqla müəyyən etmək olurdu. Məncə, yeni tipli tədris üsulunun məqsədi də gənclərin məntiqini formalaşdırmaqdır.

- İmtahan nəticələri açıqlanandan sonra nələr yaşadınız?

- Özüm də daxil, hamı məndən 600-dən yuxarı bal gözləyirdi. Riyaziyyata görə alınmadı, ballar çıxanda əhvalım bir az pozulmuşdu. Amma ixtisas seçiminin cavabları çıxanda istədiyim ixtisasa qəbul olduğum üçün həyatımda ilk dəfə xoşbəxtlikdən kövrəlmişdim. Valideynlərim də mənimlə fəxr edirlər. Gün ərzində aldığım təbrik mesajlarından da başa düşdüm ki, əziyyətim yerdə qalmayıb.

- İxtisas seçimi zamanı hansı meyarlara üstünlük verdiniz?

- Zənnimcə, ixtisas seçimi ən çətin və ən vacib məsələdir. Mən də hər şeydən əvvəl gələcəkdə uğur qazana biləcəyim sahəni seçmək istəyirdim. İlk olaraq, universitetlərin tədris keyfiyyətini araşdırdım. Seçəcəyim peşəyə gələcəkdə tələbat olacaqmı, hazırda bu peşəyə üz tutanların sayı nə qədərdir, fəaliyyət sahələri genişdirmi kimi suallara cavab axtarırdım ki, sonradan yanılmayım. Valideynlərim, müəllimlərimlə məsləhətləşdikdən sonra ixtisas seçimini elədim. Topladığım bala uyğun ixtisasları qeyd etdim, ilk yerə ən çox istədiyimi yazdım.

- Niyə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilk seçiminiz oldu?

- Düşünürəm ki, insan sevdiyi sahədə uğur qazana bilər. Bu  zaman o yenilik axtarışında olacaq, stereotipləri aşmaq istəyəcək. Mən də sevdiyim ixtisası seçdim. Özümü gələcəkdə bu sahənin əsl peşəkarı kimi görürəm. İngilis bölməsini seçdim, çünki xarici dil biliyimi artırmaq istəyirəm. Universitetə gəldikdə isə ümumi fikrim yoxdur. Sadəcə onu deyə bilərəm ki, 100 yaşlı universitetin tələbəsi olmaq qürurvericidir.

Bu ixtisasa qəbul olmasaydınız ikinci seçiminiz nə olardı?

Uşaqlıqda polis olmaq istəyirdim. Hər dəfə dedektiv janrda olan filmlərə baxır və yaxşı polis obrazında özümü görürdüm. Lakin sağlamlıq problemlərim ortaya çıxdı, arzuma çata bilməyəcəyimi anladım. Amma təəssüflənmirəm. Polislər cinayətkarı həbs edəcək, mən də bu barədə xəbərlər hazırlayacam.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

Elmlə məşğul olmaq sol beynimizi inkişaf etdirir. Təsvirlərdən və vizuallaşdırmadan istifadə, gündəlik rutindən kənara çıxmaq, kreativ məşğuliyyətlər isə sağ beyin yarımkürəsini hərəkətə gətirir. Bu səbəbdən daha çox rəqs edirəm, gəzintiyə çıxıram. Yemək yeməyi sevirəm, hər zaman yeni dadlar axtarışındayam. Özümü inkişaf etdirmək üçün bir sıra təşkilatlarda könüllü kimi fəaliyyət göstərirəm.

- Dərsliklərlə aranız yaxşıdır, bəs bədii kitab oxumağı sevirsiniz?

Bəli. Abituriyent olanda tapşırıqlardan vaxt qalmırdı. İndi yenidən başlamışam. Kitab dünyagörüşü artıran ən yaxşı vasitədir. Onlayn versiyaları sevmirəm, düşünürəm ki, kitabın ətrini duyaraq oxumaq daha gözəldir. Kimsə mənə kitab hədiyyə edəndə çox sevinirəm.

- Məhluqə, 10 il sonra özünüzü harada, necə təsəvvür edirsiniz?

Mənim ilk məqsədim dünyaya açılmaqdır, həmişə gəmi almaq istəmişəm. 10 il sonra Məhluqə Tağıyevanı poliqlot, jurnalist kimi görürəm. Həmçinin telekanala sahib olmaq istəyirəm. Hədəflərimizi yüksək tutmaq ona çatmaq üçün əsas şərtdir. Hədəflərim böyükdür, onlar üçün çox çalışmalıyam.

Və sonda tələbə adını qazanmaq istəyənlərə nə tövsiyə edərsiniz?

- Əziz abituriyentlər, hədəflərinizə yönəlin. Sizi bu yoldan ayırmaq istəyənlər çox olacaq, onları dinləməyin. İnanmaq+çalışmaq=uğur. Çox inanın və bacardığınızı edin, sonda uğur qazanacaqsınız. Vaxtınızı səmərəli keçirin və ən əsası onu düzgün bölün. Özünüzə, əyləncənizə də vaxt ayırın. Həmişə yaxşı düşünün, yaxşı olsun!