
Polşadakı bir radio stansiyası, proqram aparan jurnalistləri işdən çıxararaq süni intellekt tərəfindən yaradılmış aparıcılarla yayım etməyə başladı. Radionun bu qərarı ölkə daxilində geniş müzakirələrə səbəb oldu.
Krakov mərkəzli OFF Radio keçən həftələrin birini “Polşada süni intellektlə yaradılmış aparıcılarla edilən ilk təcrübə” olduğunu elan etdi. Radionun yayım direktoru bu addımı, süni intellektin cəmiyyətə təsirlərini öyrənmək üçün bir eksperiment kimi qiymətləndirdi.
Radio, süni intellekt aparıcılarının gənc dinləyicilərə çatmağı hədəflədiyini və mədəni, incəsənət və sosial mövzularda verilişlər təqdim etdiyini bildirdi. “Emi, Kuba və Alex” adında Z nəsli süni intellekt aparıcılarından ibarət olan üçlüyün təqdim etdiyi yeni proqramlar ölkə miqyasında böyük marağa səbəb oldu. Radionun açıqlamasına görə, süni intellekt aparıcılarının hər birinin öz bioqrafiyası və şəxsiyyəti jurnalistlər tərəfindən yaradılıb.
Radiostansiyanın rəhbəri Marcin Pulit, “Süni intellekt media, radio və jurnalistika üçün fürsətdir, yoxsa təhlükə? Bu suala cavab axtaracağıq” açıqlamasını verdi. Lakin bu dəyişiklik əvvəlki aparıcılardan olan jurnalist və kino tənqidçisi Mateusz Demski tərəfindən tənqidlə qarşılandı. Demski 15 mindən çox adamın eksperimentə qarşı imza topladığını və yüzlərlə, xüsusən də gənc dinləyicilərdən bu təcrübəyə məruz qalmaq istəmədiklərini bildirən geri dönüşlər aldığını söylədi.
Radiostansiyanın rəhbəri Pulit isə jurnalistlərin süni intellekt səbəbindən işdən çıxarılmadığını, dinləyici sayının demək olar ki, sıfır olması səbəbilə belə bir addım atdıqlarını iddia etdi.
Mənbə: NTV
Tərcümə etdi: Fatima Farzali
