
Sarı gözləri, mavi dodaqları və kərpic-qırmızı quyruğu ilə diqqət çəkən bir ot-yaşıl ilan növü Vyetnamda yeni bir növ kimi elmə tanıdılıb. Mərkəzi Vyetnamın quru tropik meşələrində tapılan bu çoxrəngli zəhərli ilana "mavi dodaqlı yaşıl çuxur gürzəsi" adlandırılan Trimeresurus cyanolabris adı verilib. Parlaq yaşıl bədənə və mavi dodaqlara malik bu ilan kiçik qurbağalar və kərtənkələlərlə qidalanır, əsasən alacakaranlıq və gecə saatlarında aktivdir və gün ərzində ağac budaqlarında və ya çayların yaxınlığındakı ağacların oyuqlarında dincəlir.
Bu ilan 50-yə yaxın Asiya çuxur gürzəsi növündən biridir və onu rəngləri və kiçik ölçüsü ilə fərqləndirmək mümkündür. Moskva Dövlət Universitetindən Sabirə İdiiatullina və komandası ilanın genetik analizini apararaq onun əvvəllər tanınmamış bir növ olduğunu və ən yaxın qohumunun qırmızı gözlü Trimeresurus rubeus olduğunu təsdiqləyiblər. Genetik tədqiqatların növlərlə zəngin Trimeresurus qrupuna aid daha çox ilan növünü aşkar edə biləcəyi düşünülür. Lakin bu növlərin yaşadığı meşələr qırılma riski altındadır.
Mənbə: New Scientist
Tərcümə edən: Nigar Muştaqova
