
Ən son araşdırmalar göstərir ki, xəbərlər düşündüyümüzdən daha çox həyatımızı formalaşdırır. Məsələn, 15 aprel 2013-cü ildə Boston marafonu zamanı baş verən bombalı hücum nəticəsində üç nəfər, o cümlədən səkkiz yaşlı bir uşaq həyatını itirdi, yüzlərlə insan isə yaralandı. Bu hadisə dünyanın hər yerində dərin bir kədər yaratdı və xəbər kanalları partlayış anını və sonrakı qarışıqlığı təkrar-təkrar yayımladılar. Qəzetlər də vahiməli şəkillərlə dolu idi – qan içində olan küçələr, sarsılmış qurbanlar və dəhşət içindəki tamaşaçılar.
Bu hadisənin təsirini öyrənmək üçün Kaliforniya Universitetindən Holman və həmkarları bomba partlayışlarından əvvəl və sonra təxminən 5,000 nəfərin psixi sağlamlığını analiz etməyə başladılar. Əvvəldən intuisiyaya əsasən düşünülürdü ki, belə bir terror hadisəsində fiziki olaraq iştirak etmək və ya yaxın bir insanın hadisədə yaralanması daha çox psixoloji zərər verər. Tədqiqatda, hadisəyə birbaşa məruz qalan şəxslərin psixi sağlamlığının zədələndiyi görüldü. Lakin təəccüblü bir nəticə də ortaya çıxdı. Araşdırma göstərdi ki, partlayışları birbaşa görməyən, lakin sonrakı həftə ərzində gündə altı və ya daha çox saat bu xəbərləri izləyən insanlar daha çox sarsıntı yaşadılar. Hadisəni şəxsən yaşamaq və ya yaxın bir insanın orada olması belə yüksək stress proqnozlaşdırıcı kimi önəmli deyildi. Holman bu barədə deyir: “Bu, bizim üçün böyük bir 'aha' anı oldu. İnsanlar xəbərlərin təsirini çox ciddi qəbul etmirlər".
Beləliklə, məlum olur ki, xəbərlər sadəcə məlumat verməkdən daha böyük təsirə malikdir və həyatımıza düşündüyümüzdən daha dərindən təsir edir.
Mənbə: BBC
Tərcümə edən: Nigar Muştaqova
