Yuxu iflici (qarabasan) rəsmlərə və qorxu hekayələrinə ilham verən bir hadisədir. Tədqiqatçılar insanların hərəkət edə bilməyərək yuxulardan nəyə görə oyandıqlarını anlamağa çalışırlar.
Anonim: “Yuxu iflicini ilk dəfə gənc bir qızkən yaşamışdım. Səhər tezdən idi, məktəbə getmək üçün yuxudan oyanmama bir neçə saat qalmışdı. Yuxudan oyandıqıdan sonra çarpayıda yuvarlanmağa çalışdım ancaq bunu edə bilmədiyimin fərqinə vardım, tərpənə bilmirdim; bədənim iflic olmuşdu. Beynim oyaq olsa da, əzələlərim hələ də yuxuda idi. Yataq otağım sanki getdikcə daralır və divarlar mənə yaxınlaşırdı; panikaya düşdüm. İflic təxminən 15 saniyə sonra keçdi. Sonra bunun yuxu iflici olduğunu öyrəndim. Bədən müvəqqəti iflic olaraq qalarkən beynin bir hissəsinin oyaq qaldığı bu vəziyyət olduqca yaygındır. Bu ilk qorxulu təcrübədən sonra bir neçə dəfə daha bir yuxu iflici yaşadım, amma hər dəfə daha az qorxunc olurdu.”
Yuxu iflici həyata daha çox təsir edə bilən və bəzilərini qorxunc halüsinasiyalarla qarşılaşdıra bilən bir hadisədir.
Yuxu iflicinin bir çox sənət əsərlərinin mövzusu olduğu düşünülür: Con Henri Fusselinin “Kabus” əsəri onlardan biridir.
Şeytanları, ruhları, yadplanetliləri, təhditkar qorxunc qonaqları, hətta ölü qohumlarını görməkdən əlavə, öz bədən hissələrinin havada uçuşduğunu və ya bədənlərinin tam yanlarında uzandığını görənlər belə var.
Ədəbiyyat tarixində belə hadisələrin bir çox rəngli təsvirləri var. Meri Şelli Frankenşteyn səhnəsini yazarkən yuxu iflicindən bəhs edən rəsmdən ilhamlanıb.
Harvard Universitetində yuxu tədqiqatçısı olan və müalicə üsulları ilə bağlı ilk klinik araşdırmasını 2020-ci ildə tamamlayan Baland Cəlal yuxu iflici haqqında: "Əvvəllər bu, diqqətdən kənarda qalan bir hadisə idi, lakin son 10 ildə buna artan maraq var". Bəzi insanlar bunu yaşadıqdan sonra fövqəltəbii və ya paranormal hadisə olduğunu
bildirsələr də, Cəlal bunun səbəbinin daha sadə olduğunu deyir.
"Gecələr bədənimiz yuxunun dörd mərhələsindən keçir. Son mərhələ sürətli göz hərəkəti yuxusu və ya "REM" adlanır. Bu, yuxu gördüyümüz zamandır. REM zamanı, bəlkə də yuxumuza uyğun hərəkət etməyimizə və ya özümüzə zərər verməmizə mane olmaq üçün bədənimiz iflic olur."
Ancaq bəzi şanssız insanlar üçün bu vəziyyət daha ciddi problemlərə yol aça bilər. Sharplessin araşdırması, yuxu iflicindən əziyyət çəkənlərin yüzdə 15-dən 44-ə qədərinin "klinik cəhətdən əhəmiyyətli narahatlıq" yaşadığını göstərir. Problemlər tez-tez vəziyyətin özündən deyil, yuxu iflicinə necə reaksiya verdiyimizdən qaynaqlanır.
Xəstələr gün ərzində növbəti iflicin nə vaxt baş verəcəyi ilə bağlı narahat olurlar. Espie (Oxford universitetində yuxu professoru) deyir ki, bu, panik atak növünə belə çevrilə bilər. Ən ağır hallarda yuxu iflici narkolepsiya əlaməti də ola bilər. Narkolepsiya beynin yuxu və oyanma qaydalarını tənzimləyə bilmədiyi, insanın istəmədiyi, uyğun olmayan vaxtlarda belə yuxuya getməsinə səbəb olan daha ciddi bir xəstəlikdir.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
