24media.az saytının növbəti müsahibi aktrisa Səriyyə Mansurovadır. O, teatr haqqında danışıb.

Teatr uşaqların dünyagörüşünün formalaşmasına, tərbiyəsinə necə təsir edir?
– Teatr uşaqların dünyagörüşünün formalaşmasında və tərbiyəsində böyük rol oynayır. Uşaqlar teatr səhnəsində müxtəlif rəngləri bir arada görürlər. Kuklaların, səhnənin və aktyorların libaslarının göy qurşağı kimi rəngli olması uşaqların zövqünü oxşayır. Teatr tərbiyəvi əhəmiyyət daşıyır. El arasında belə bir deyim var: “Uşağın beyni ağ vərəq kimi təmizdir.” Bu vərəqə yazılanlar düşüncələrdə həkk olunaraq qalır. Uşaqlar kukla teatrında hər bir nağılı diqqətlə izləyir, aktyorlarla yaxından tanış olurlar. Biz uşaqların mənfi və müsbət obrazlar arasındakı fərqi görməsi üçün çalışırıq ki, müsbət obrazı daha yaxşı formada təqdim edək.
Övlad yetişdirən valideynlərə bir tövsiyəm var: Bir az sosial şəbəkələrdən kənar qalaraq zamanınızı övladlarınıza sərf edin. Çünki onların formalaşmasında böyük rol oynayırsınız. Kukla teatrına və digər teatrlara gedin və övladlarınızla vaxt keçirin. Çünki uşaqların diqqətə ehtiyacı var və bu ehtiyacı valideynlərindən alırlar. Mən düşünürəm ki, gənc nəslin valideynləri daha çox özlərinə vaxt ayırırlar. Bu nəslin valideynlərinə demək istəyirəm ki, əgər cəmiyyət üçün yararlı övlad yetişdirmək istəyirsinizsə, övladlarınıza zaman ayırın.
Kukla teatrının aktrisası olmaq necə bir hissdir və sizcə, bu peşənin özəlliyi nədir?
– Atam, respublikanın əməkdar artisti Mansur Mansurov, kuklaçı olub. Mən uşaqlıqdan o nağıllarla böyümüşəm, tamaşaları daxili baxışdan izləmişəm. Kukla teatrı mənim ikinci ailəm olub. Buna görə də bu hiss mənim üçün yad bir hiss deyil. Mənim üçün özəlliyi budur ki, 1993-cü ildən bu günə kimi kukla teatrında çalışıram və uşaqların zövqünü oxşamağa davam edirəm.
Kiminlə eyni səhnəni bölüşmək sizə xoşdur?
– İşini bilən və sənətini sevən hər bir aktyorla səhnəni bölüşmək mənə xoşdur. Əgər bir aktyor özünə güvənirsə, işini bacarır və sevirsə, tərəf müqabilinin kim olduğundan asılı olmayaraq səhnəni bölüşməlidir.
Kukla teatrında hazırlanan tamaşaların əsasını nə təşkil edir?
– Kukla teatrının baş rejissoru Anar Məmmədov, quruluşçu rejissoru Səidə Haqverdiyeva və dəvətli rejissorlarımız müxtəlif pyesləri səhnələşdirir, aktyorlarla məşq edir və tamaşaçılara təqdim edirlər. Bizim teatrın əsas mövqeyi uşaqların zövqünü oxşamaqdır. Uşaqlarla birlikdə valideynlər, nənələr və babalar da tamaşanı izləməyə gəlirlər. Buna görə də məsuliyyətimiz daha da artır.
Səhnədə kuklalarla bağlı kuryoz anlar yaşanırmı və bu zaman nə edirsiniz?
– Səhnədə kuklalarla bağlı kuryoz anlar çox yaşanır. Bizim teatrda daxili baxış olur və tamaşa ərsəyə gəlir. Bədii şura daxili baxışda əyləşir. Bir kuryoz anı qeyd edim. “Qar kraliçası” əsərində Gerda obrazını canlandırırdım. Tamaşa zamanı kuklanın başı bədənindən ayrıldı. Bu hadisəni tamaşaçıya bildirmədim, rolu canlandırmağa davam etdim. Bədii şura bunu hiss etmədi. Lakin mən həyəcan hissi keçirdim, çünki kukla parçalanmış vəziyyətdə idi. Buna baxmayaraq, tamaşanı sonlandıra bildim. Tamaşadan sonra kukla sexində çalışanlar kuklanı bərpa etdilər. Kuryoz hal baş verdiyini dedikdə isə kollektivdə çalışanlar bu anı hiss etmədiklərini söylədilər.
Aynur Mikayılova
