Mikrob dediyimiz milyardlarla bakteriya, göbələk və viruslar bədənimizin səthində yaşayır. Biz onların sağlamlığımızda oynadığı mühüm rolu yeni anlamağa başlayırıq.

Dərimiz müxtəlif orqanizmlərlə doludur. Dərinizin hər kvadrat santimetrində 10 mindən bir milyona qədər bakteriya yaşayır. Başqa sözlə, bədənimizi əhatə edən dəri mikroorqanizmlərlə dolu bir ekosistemə malikdir.
Bu mikrobiotanın (flora) bizi sağlam saxlamaqda mühüm rol oynadığına və çoxlu faydalara malik olduğuna dair artan sübutlar var.
Bağırsaq mikrobiomunun, yəni bağırsaqlarımızda məskunlaşan mikrob ekosisteminin əhəmiyyəti məlumdur. Bakteriyalar, göbələklər, viruslar və digər təkhüceyrəli orqanizmlərin diabetdən tutmuş astma və hətta depressiyaya qədər bir çox xəstəliklərdə mühüm rol oynadığı qəbul edilir.
Ancaq indi belə görünür ki, dərimizdəki mikroorqanizmlər də eyni dərəcədə faydalı ola bilər. Bunlar bədənimizin səthinə yerləşmiş patogenlərə qarşı ilk müdafiə xəttini təşkil edir. Onlar həmçinin gündəlik həyatda qarşılaşdığımız bəzi kimyəvi maddələri parçalayır və immun sistemimizin inkişafında mühüm rol oynayırlar.
Mənbə:bbc.com
Tərcümə etdi: Səmayə Qədirova
