
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı həkim-pediatr Zərifə Məmmədovadır. O son dövrlər uşaqlar arasında yayılan infeksion xəstəliklərdən danışıb.
Uşaqlar arasında yayılan xəstəliklər valideynlərin narahatlığına səbəb olur. Bəziləri bunun COVİD-19, digərləri isə qızılca olduğunu düşünür. Xəstəliyi ağır keçirən və ya tez sağalan uşaqlar var. Uşaqlar arasında yayılan bu xəstəlik nədir? Həqiqətən, koronavirusdur, yoxsa yeni bir virusla qarşı-qarşıyayıq? Bu virusla necə mübarizə aparmalıyıq?
-İnsanlar COVİD-19 pandemiyasından da, öncə hər il, xüsusilə, payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları ilə tez-tez xəstələniblər. Kəskin respirator virus infeksiyası məhfumu isə çox genişdir. Buraya qrip, paraqrip, adenavirus, rinoviruslar, hətta koronaviruslar da daxildir. “Korona virusun şöhrəti” yayılmadan öncə bütün bunların “hamısına biz sadəcə olaraq qrip olmuşuq deyirdik”. Pandemiya dönəmində isə bu prosesin daha massiv xarakter daşıması, yoluxmuş və vəfat edənlərin sayının artması, virusa yönəlik dərman preparatlarının olmaması, əldə olunan vasitələrin effektivsizliyi və s.
Neqativ amillər insanların düşüncə tərzini dəyişməyə kifayət etdi. Ona görə də, hazırda hər “soyuqlama” , “qrip olma” halını potensial koronavirus infeksiyası kimi dəyərləndirmək və qorxmaq çarə deyil. Bildiyimiz kimi payız-qış mövsümü, eyni zamanda, yeni iş və təhsil mövsümüdür. İnsanlar daha çox cəmlənir, təmasda olur. KRVİ-nin hava-damcı yolu ilə yoluxmasını nəzərə alsaq, kollektivlər, bağçalar, məktəblər, universitetlər və s. Onlar üçün ideal şəraitdir. KRVİ ilə yoluxmuş şəxslərdə hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, boğaz ağrıları, asqırma, öskürmə, iştahsızlıq və s. Astenik vəziyyət müşahidə edilir. Bəzi pasientlərdə qastroenterit əlamətləri qeyd edilə bilər. Bu durum, xüsusilə, körpə və ahıl yaşda insanlar üçün daha ciddi problemlər yaradır. Çünki onların kompensator imkanları məhduddur.
KRVİ ilə mübarizə və müalicə ilə bağlı bir neçə məsləhət vermək istərdim. Bir mənalı olaraq, profilaktika ən effektiv müalicədir. Əgər hər hansı bir diskomfort və narahatlıq hiss edirsinizsə, maska istifadə etməlisiniz. Bəli, başa düşürəm ki, “maska əleyhdarları” virusun maska ilə tutulmadığını əsas gətirərək istifadəsindən boyun qaçırırlar. Maska geyinməklə həmsöhbətinizi siz asqırdıqda, öskürdükdə və ya danışdıqda ağzınızdan çıxan ifrazatla təmasdan qarşısını ala bilərsiniz. Beləliklə, “virus yükü” azalmış olur. Ağız-buruna diqqət edib, əllərimizi də unutmamalıyıq. Əllərin sabunla yuyulması belə sizi ciddi şəkildə müdafiə edə bilər. Bu arada qeyd edim ki, triklozan və digər tərkibli sabunların gün ərzində dəfələrlə istifadəsi də tövsiyə edilmir.
Digər preventiv tədbir və ən effektiv üsullardan biri də vaksinasiyadır. Qrip əleyhinə aparılan vaksinasiya sizi mövsümü KRVİ-na qarşı hazırlıqlı edə bilər. Qapalı məkanlarda və otaqlarda olmaqdan çəkinin, ya da tez-tez havalandırın. Xüsusilə, sinif otaqları və ya iş məkanınızı. Mövsümə uyğun geyinin, bu da sizin və yaxınlarınızın xeyrinədir. Günlük açıq havada olma müddətinizi ixtisara salmayın. Bədən hərarətinizə yaxın maye qəbulu da unudulmamalıdır.
Xəstələnmisinizsə, panika düşməyin və əlinizin altınada olan dərmanları bir-birinə qatmaq lazım deyil. Əgər hər hansı bir tibbi göstəriş yoxdursa, venadaxili infuziy , antibiotik və öskürək əleyhinə olan preparatların istifadəsindən qaçının. Bunlar yalnız həkim müayinəsindən sonra resept əsasında təyin edilir. Hərarətiniz üç gündən artıq yüksəlməkdədirsə, hərarət salıcı preparatlar effekt vermirsə, burun ifrazatı olmadan boğaz ağrısı varsa, öskürəyiniz güclənirsə, bəlğəm ifrazatı artırsa, və bununla yanaşı hər hansı bir xəstəliyiniz varsa, pasient övladınız və ya yaşlı ailə üzvünüzdürsə, güclü baş ağrılarınız varsa, səpki elementləri yaranırsa və digər hallarda həkimə müraciət edin. Öz-özünüzü müalicə etməyin. Sağlam qalın.
Pərvanə Abbasova
