Bu gün:

Soyuq gündə isinməyin 6 yolu


Axır günlər aranızda üşüyən varmı? Aşağı düşən temperaturlar, kəskin küləklər və isinmək üçün adi mövsümi mübarizə artıq payızın əsl üzünü göstərir.

Siz və Sizin ( You and Yours) verilişi qışda isinməyin yollarını araşdırıb. Bu qış bədəninizi və qəlbinizi isti saxlamaq üçün sizə asan vasitələr təqdim etmək qərarına gəldik.

1. Evdə yanınızda bir örtük saxlayın

Evdə isinmək üçün örtük əla vasitədir. Yatarkən üşüməmək üçün yorğanın üzərindən qalın bir ədyal ata bilərsiniz. Yaxud film izləyərkən şala bürünmək istirahətinizə başqa bir dad qatar.

2. Qızdırıcılardan istifadə edin

İçinə isti su doldurulan qızdırıcılardan çox vaxt yatan zaman yararlanırıq. Bu rezin dostdan daha çox istifadə edə bilərik: divanda oturarkən, işə getməmişdən əvvəl maşınınızın oturacağını isitmək üçün, uzun gəzintilər zamanı gödəkçənin içinə qoyaraq və ya ofisdə üşüməmək üçün dizimizin üstündə saxlayaraq. Bu yolla qışın haradan gəlib, haraya getdiyini hiss etməyəcəksiniz.

3. Ləzzətli isti şokolada "yox" deməyin

Soyuğu hiss etməmək üçün tez-tez isti içkilər qəbul etmək ləzzətli vasitədir. Bu zaman bədən temperaturu daxildən yüksəlir. (Ancaq qaynar içkidən uzaq durun. Qaynar içki bizi sürətlə tərlədir və bədən eyni sürətlə də soyuyur!)

4. Yağlı qidalardan yan keçməyin

İsti şokoladınızı kremli-qaymaqlı içməyin digər yaxşı səbəbi də tərkibindəki yağdır. Belə ki, yağlı qidalar bədənin daxili istiliyini artırır. Orqanizm həzm prosesində enerjidən istifadə edir. Bu zaman bədənimiz isinir və yağlar gec həzm olunduğuna görə bədənimiz uzun müddət isti qalır.

5. Zəncəfilə dadanın

Zəncəfil kökü qan dövranını sürətləndirərək bədən temperaturunu artırır. İsti suya azca limon sıxın, bal qatın və sürtgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edib, qarışdırıb için. Yaxud tərəvəz qızartmasına bir-iki xırda tikə zəncəfil də əlavə edin.

6. Evdə bacardığınız qədər hərəkət edin

Çölə çıxmamaq üçün soyuq hava bəhanəsi, evdəki yarımçıq işləri tamamlamağa kömək ola bilər. Çardağı təmizləmək, kandarları rəngləmək, asmağa vaxt tapmadığınız tablonu divara asmaq və sair.

Hərəkət etdikcə, yerləri rənglədikcə və ya sildikcə və pilləkənləri yuxarı-aşağı dırmandıqca bədəninizdə daha çox istilik yaradırsınız. Günün sonunda vicdanı rahat yatmağın yerini isə heç nə verə bilməz.

Mənbə: BBCnews 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et