Bu gün:

B12 səviyyəsini artıran qidalar


B12 vitamini bədəndə öz-özünə istehsal olunmur. Bədənin B12 ehtiyacı B12 ilə zəngin qidaların qəbulu ilə təmin edilməlidir.

B12 çatışmazlığı bədəndə bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Səhər yorğun oyanmaq, daim halsızlıq, unutqanlıq kimi problemlər B12 çatışmazlığından qaynaqlana bilər. B12 vitamini çatışmazlığı adətən yaş artdıqca baş verir.

B12 vitamini bəzi qidalarda bol olur. Heyvan mənşəli qida məhsulları xüsusilə B12 vitamini ilə zəngindir.

Mövsümündə çox yeyilən sardina, qızılbalıq, alabalıq, ton balığı və skumbriya kimi balıqlar B12 vitamini qaynaqlarından biridir. Omeqa 3 mənbəyi olan balıq isə iltihabı azaltmaqda və ürək sağlamlığını yaxşılaşdırmaqda böyük rol oynayır. Qidalardan B12 vitamini alarkən, hər birini daha balanslı və məhdud miqdarda qəbul etmək məqsədəuyğun olar.

Süd, qatıq və pendir kimi məhsulları qəbul etmək sağlamlıq üçün faydalıdır. Çünki onların tərkibində çoxlu B12 vitamini var. Araşdırmalar göstərir ki, orqanizm süd və süd məhsullarındakı B12 vitaminini ət və yumurtadan alınan B12 vitamini ilə müqayisədə daha yaxşı mənimsəyir.

Yumurta da zülalla zəngindir və sağlam qidalar sırasındadır. Güclü B12 mənbəyi olan yumurtanın həm ağını, həm də sarısını yemək B12 səviyyəsini artırmağa kömək edir.

B12 vitamini mal və quzu kimi heyvan mənşəli qidalarda da boldur. Ancaq bu qidalar ölçülü şəkildə qəbul edilməlidir. Çünki qırmızı ətin həddindən artıq yeyilməsi ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Qırmızı ətlə yanaşı, beyin, böyrək və qaraciyər kimi sakatat məhsulları da B12 vitamini ilə zəngindir. Bununla belə, xüsusilə sakatat qebul edərkən, B12 vitamini ilə yanaşı, sakatatın əhəmiyyətli miqdarda xolesterin ehtiva etdiyini də nəzərdən qaçırmaq olmaz.

Bu qidalar B12 səviyyəsini artırmağa kömək edə bilər. Ancaq hər hansı bir sağlamlıq probleminin qarşısını almaq üçün bu qidaları pəhriz siyahısına əlavə etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşin.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et