Günəş - Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir.
Astronom Vladimir Kuznetsov Günəşin məhvindən sonra planetlərin vəziyyəti haqqında məlumat verir:
Günəş – üçüncü nəsil ulduzdur. Bu, onu təşkil edən maddələrin artıq iki dəfə digər ulduzlarda olduğu mənasına gəlir. Böyük partlayışdan sonra kainatda maddələrin sıxlığının tez-tez dəyişməsindən dolayı öz-özünü cəzb etdiyinə görə sıxılan maddə hissəcikləri yaranmağa başlayıb. Sıxlıqda yaranan parçalanmalar qalaktikaları əmələ gətirib. Oxşar şəkildə qalaktikaların daxilində ulduz toplusunu yaradan ulduzlar meydana çıxıb.
Bu vaxt yaranan ulduzlardan birində baş verən partlayış zamanı ətrafa səpələnən maddələr öz-özünü cəzb etmə hesabına yeni ulduz əmələ gətirir və həmin ulduz müəyyən müddətdən sonra təkrar partlayır. Yenə ətrafa səpələnən maddələrdən Günəş yaranır. Buna görə də Günəş 3-cü nəsil ulduz hesab olunur. Kainatın yaşı təxminən 10 milyard il, Günəşin yaşı isə 4,5 milyard ildir.
Günəş əsasən hidrogen (73%) və heliumdan (25%) təşkil olunub, digər elementlər isə cəmi 2 % təşkil edir. Günəşin nüvəsində hidrogen yanır və heliuma çevrilir. Nüvədə bütün hidrogen yanıb bitdikdən sonra yanma üst qatlara keçəcək. Günəşin radiusu böyüməyə davam edəcək və o, Günəş sisteminin daxili planetlərini külə döndərəcək olan “qırmızı nəhəng” adlı ulduza çevriləcək.
Bundan sonra Günəş daha da böyüyəcək və Veneranın orbitinə çatacaq. Hidrogen və helium tamamilə yanıb qurtardıqdan sonra Günəş nüvə reaksiyalarının bitdiyi dövrə qədəm qoyacaq. O, sıx və radiusu indiki Günəşdən 100 dəfə kiçik, parlaqlıqlığı isə 100-1000 dəfə az olan ölü bəyaz ulduza çevriləcək. Bu üsulla Günəşin mövcudluğu təxminən 5 milyard il sonra sona çatacaq. Günəşin ömrünü müəyyən etmək üçün astronomlar onun kütləsini, reaksiyaların sürətini və nüvə enerjisini nəzərə alaraq bu cür enerji itkisi ilə yanacağın və kütlənin nə qədər müddətə çatacağını hesablayıblar.
5 milyard il sonra Günəşin məhvi bütün Günəş sisteminə təsir edəcək. Qırmızı nəhəng mərhələsində Günəş genişlənərək Merkuri və Veneranı udacaq. Onun qaynar atmosferi Yeri məhv edəcək. Günəşin genişlənməsi Marsa təsir etməyəcək və orada həyatın əmələ gəlməsi üçün uyğun şəraitin yaranması mümkündür. Bəyaz cırtdan mərhələsində isə kiçik Günəşin ətrafında sağ qalmış planetlər, amma qırmızı nəhəng mərhələsi zamanı xeyli dəyişikliyə uğramış – Mars, Yupiter və Saturn fırlanacaqlar. Günəşin parlaqlığı azalacaq və Günəş sistemi soyuq ulduzun ətrafında fırlanan soyuq planetlərdən ibarət olacaq.
Mənbə: ntv.com
Tərcümə etdi: Aytac Musayeva
