Bu gün:

Buraxılış imtahanları - Nübar Məlikova ilə "1 sual, 1 cavab"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan dili və Ədəbiyyat müəllimi, repetitor Nübar Məlikovadır. O, 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanları barədə sualımızı cavablandırıb.

-Builki buraxılış imtahanları barədə təəssüratlarınız nələrdir?

-Qəbul edirəm ki, Dövlət İmtahan Mərkəzinin builki azərbaycan dili sualları bu günə qədər olan suallardan bizi ən çox qorxudanı idi. Çünki indiyə qədər bu qədər abituriyentin şikayətləndiyini görməmişdik ki, mətnlər çətin idi. Mətnlər çıxdıqdan sonra bizə bəlli oldu ki, çətinliyin səbəbi mətnlərin həcminin böyük olması deyil, həmişəki kimi standard ölçüdə idi. Sadəcə problem mətnlərdəki sözlərin ağırlığı və sözlərdəki əlaqələrin məntiqi quruluşunda idi. Uşaqlar vərdiş etmişdilər ki: "Mətni oxuduq, anladıq, sualları cavablamaq asan olacaq". Amma vəziyyət əksinə oldu və bu, uşaqlarda şok effekti yaratmışdı. Bunu bütün müəllimlər kimi mən də qəbul edirəm ki, vəziyyət belə idi. Amma bunu qəbul edib DİM-i qınamıram. Çünki 2007-ci ildə də qəbul imtahanı keçiriləndə onda bizə suallar qəliz gəlmişdi, lakin indi o sualları abituriyentlərə verəndə onlara çox asan gəlir. Elə məsələ burasındadır ki, kurikulumun tələbi il-ildən məntiqi təfəkkürü inkişaf etdirməkdir, DİM də bunu tətbiq edir. Sualların topluda olan sual tiplərinə uyğun gəlməməsinin səbəbi toplu testlərin 2019-cu ilə aid olmasıdır. Pandemiya səbəbindən müəyyən səbəblər toplu testlərin yenilənməsini ləngitdi. Gələn il üçün gözlənilir ki, bu testlər yenilənəcək. 

Onu da deyim ki, DİM-in təşkil etdiyi buraxılış imtahanı proqramı tam əhatə edirdi. Sadəcə mən problemin kökünü bunda görürəm ki, DİM blok imtahanındakı kimi imtahan bitdikdən sonra sual kitabçasını abituriyentlərə təqdim etmir. Halbuki kitabçanı verməsələr də, sualları sonradan ictimaiyyətə təqdim edirlər. Sualların proqramdan uzaq olması ilə razı olmasam da, bütün sualların düşündürücü olması ilə razıyam. Fikrimcə, bu da olmalıdır. Çünki artıq inkişaf edən nəsil üçün yeni tip, yeni məqamlar müəyyən olunmalıdır. 

Nümunə olaraq belə deyim: məsələn, 4-cü qrup üzrə hazırlaşan abituriyent düşünür ki, ona ədəbiyyat lazım deyil, buna görə də ədəbi mətnlər oxumağa maraq göstərmir. Eynilə, 3-cü qrup üzrə gedən abituriyent biologiyaya, fizikaya maraq göstərmir, yalnız öz fənlərinə köklənir. Amma bu il abituriyentlərə təqdim edilən mətnlər bizə onu göstərdi ki, ixtisas qrupundan asılı olmayaraq, hər bir abituriyent hərtərəfli inkişaf etməli, misal üçün 4-cü qrupa hazırlaşan biri belə ədəbi mətnlərə də nəzər yetirməlidir.

Mən bir müəllim olaraq təklif edirəm ki, DİM bu qədər narazılığın qarşısını almaq üçün elə imtahandan dərhal sonra sualların izahını paylaşsın və əsaslandırsın. Çətin olduğu bildirilsə də, izahlar verildikdən sonra uşaqlar bunu qəbul edəcəklər. Çətinlik bir yana, çətinlikdən doğan qeyri-müəyyən suallar uşaqlardakı psixoloji vəziyyəti daha da dərinləşdirir və bu getdikcə daha böyük bir təlaşa səbəb olur. 

İmtahanın nəticələrinə əsasən, biz yüksək bal toplayan abituriyentlərə də rast gəldik. Yüksək bal toplamaq üçün abituriyent tək bir istiqamətdə yox, hər istiqamət üzrə inkişaf etməlidir. Düşünürəm ki, bu imtahanda da yüksək nəticə göstərən abituriyent yüksək intellekti olan abituriyentdir. Yəni o, bir yöndə ilişib qalmır, hər şeylə maraqlanır. 

İmtahan prosesi çox uzundur. Bu, abituriyentlərdə böyük bir psixoloji gərginliyə gətirib çıxarır. Məncə, imtahan sualları tərtib ediləndə abituriyentlərin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Valideynlər və uşaqlar - hər kəs martdan başlayaraq sentyabra qədər cavabları gözləməkdən böyük stress yaşayırlar. Bunların öhdəsindən gələcək abituriyentlər, əlbəttə ki, var, amma çox azdır. Buna görə də bəzi abituriyentlər eyni enerjini qoyub buraxılış nəticəsi ilə xaricdə təhsilə yönəlir və bu da Azərbaycan təhsilindən uzaqlaşılmağa səbəb olur.  

Sonda abituriyentlərə tövsiyəm odur ki, özlərini hər istiqamətdə inkişaf etdirməyə səy göstərsinlər. Bir yerdə ilişib qalsalar, bu onların inkişafına əngəl olacaq. Həm DİM abituriyentlərin psixoloji vəziyyətini nəzərə alsa, həm də abituriyentlər özlərini hərtərəfli inkişaf etdirsələr, daha yaxşı nəticələrə nail olunacaq".

24Media.az xatırladır ki, Dövlət İmtahan Mərkəzi 5 və 12 mart tarixlərində tam (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirmişdir. 5 martda keçirilən imtahanda 50498 abituriyentin iştirakı nəzərdə tutulmuş, 476 nəfər imtahana gəlməmiş, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv edilmişdi.

Eynilə, 12 mart tarixində keçirilən imtahanda 50823 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. 485 nəfər imtahana gəlməmiş, imtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunmuşdu.

Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et