Bu gün:

Gün ərzində yediklərimiz yuxu keyfiyyətimizə təsir edirmi?


Yuxu ümumi sağlamlığın qorunmasında həyati əhəmiyyət kəsb edir.  İnsanlar günlərinin təxminən üçdə birini yatmaqla keçirirlər.  İnsan yuxu zamanı fiziki və mənəvi cəhətdən yenilənir.  Yuxu həm də uşaqlarda və yeniyetmələrdə böyümə və inkişafı dəstəkləyir.  

Sağlam yuxu əldə edilmədikdə öyrənmədə çətinlik, məhsuldarlığın azalması, diqqətsizlik, yorğunluq, gərginlik və bədbəxtlik kimi mənfi hallarla qarşılaşır. Yuxusuzluq da insanın bədəninin müqavimətini azaldaraq xəstəliyin daha tez-tez baş verməsinə səbəb olur. 

Yuxu pozğunluğu insan ehtiyac duyduğu qədər yata bilmədikdə baş verir.  Son araşdırmalar göstərir ki, ABŞ-da təxminən hər üç nəfərdən birində yuxu pozğunluğu var və son illərdə bu problemin yayılması artıb.  Miçiqan Universitetində qidalanma epidemioloqu Dr.  Erica Jansen və həmkarları 2011-2016-cı illər arasında toplanmış sorğu məlumatları ilə böyüklərdə pəhriz və yuxu arasındakı əlaqəni araşdırdılar. 

Tədqiqatda qidalanma tövsiyələrinə əməl etməyən insanların (gündəlik kifayət qədər miqdarda meyvə, tərəvəz, paxlalılar və taxıl istifadə etməyən) qidalanma tövsiyələrinə əməl edənlərlə müqayisədə yuxuya daha az vaxt sərf etdikləri müəyyən edilib.

Ayrı bir araşdırmada komanda insanların istifadə etdiyi meyvə və tərəvəzlərin miqdarı ilə onların yuxu keyfiyyəti arasındakı əlaqəni araşdırıb.  Yaşı 21-30 arasında olan 1165 nəfərin iştirak etdiyi araşdırmada üç ay ərzində meyvə və tərəvəz istifadəsini kifayət qədər artıran insanların yuxusuzluq əlamətlərinin azaldığı, yuxu müddətini və keyfiyyətini artırdığı müşahidə edilib.  

Araşdırmalar göstərir ki, yuxu keyfiyyətinə müsbət təsir edən bir çox qida maddələri var.  Məsələn, yüksək yağlı balıq, zeytun yağı, süd məhsulları, yumurta, kivi, banan, albalı, çiyələk və qaragilə kimi qidaların istifadəsi yuxunun daha keyfiyyətli olması ilə əlaqələndirilir. Bu qidaların yuxuya müsbət təsir etməsinin səbəbi yuxu və oyaqlıq dövrlərinə nəzarət edən və yuxu keyfiyyətini yaxşılaşdıran melatonin hormonunun ifrazını dəstəkləməsidir.

Ən sağlam pəhriz növlərindən biri olan Aralıq dənizi pəhrizi ürək və beyin üçün faydaları ilə yanaşı keyfiyyətli yuxu üçün ideal bir pəhriz növü olaraq görülür. Qidalanmaya diqqət yetirməklə yanaşı, yatmazdan ən az 2-3 saat əvvəl kofein və yüksək kalorili qidalardan qaçınmaq, yatmazdan əvvəl müəyyən müddət texnoloji cihazlardan uzaq olmaq da yuxu keyfiyyətini artıra bilər.

Mənbə: bilimgenc.tubitak.gov.tr
Tərcümə : Günay Ələsgərova

Paylaş
Şərh əlavə et