Bu gün:

“Yaşadıqlarımın mahnılarıma böyük təsiri var”


24media.az-ın budəfəki müsahibi mahnı müəllifi, gitara ifaçısı və müəllimi kimi fəaliyyət göstərən, "Yenə", "Sənə gəldim" "Divardan fəsil" mahnıları ilə məşhurluq qazanan musiqiçi Şahin Əlizadədir. Müsahibə ərzində onun fəaliyyəti və fikirləri barəsində danışmışıq.


- Şahin bəy, biz dinləyicilərinizə məlumdur ki, on ilə yaxındır ki, musiqi ilə məşğul olursunuz. Musiqiyə necə başladınız və hazırda olduğunuz mövqeyə çatmaq üçün hansı mərhələlərdən keçdiniz?

Mənim musiqi fəaliyyətim 2006-cı ildən başlayır. Musiqiyə həvəsim çox olduğu üçün klarnetə yazıldım. 2008-ci ildə Rəşid Behbudov Mahnı Teatrında ilk dəfə səhnə aldım. 2010-cu ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum, 2014-cü ildə bitirdim. 2013-cü ildən artıq yavaş-yavaş səhnə almaq, oxumaq üçün həvəsə gəldim. 2014-cü ildən etibarən mahnı oxuyur, səhnə alırdım. Bu mövqeyə isə demək olar ki, mahnı yazaraq gəldim…

Mahnılarınızı yazmaqda sizə ilham verən xüsusi bir şey varmı, varsa nədir? Ümumiyyətlə, mahnılarınızın sözlərini necə yazırsınız?

Hər bir insanın müəyyən bir yaşanmışlığı, bir həyat hekayəsi olur. Yaşadıqlarımın yazdığım mahnılara böyük təsiri var. Mahnılarımın 99 faizində öz düşüncələrim, öz problemlərim əks olunub. Əslində, tam problem də deməzdim, həyatda yaşadığımız normal hadisələr desəm, daha uyğun olar, çünki problemlər də elə həyatın özündən gələn normal şeylərdir. Mən bütün mahnılarımda bunları dilə gətirmişəm, bəlkə də, yazdıqlarım insanların həyatında müxtəlif formalarda baş verən hadisələr olduğu üçün onlara doğma gəlib, sevilib.

Mahnı yazmaqda çətinlik çəkdiyim zamanlar olub, sadəcə insanın "dolma" anı var. Müəyyən hadisələr, fikirlər yığılır, yığılır və sən "daşırsan". Buna sadəcə məişət məsələləri aid deyil, psixoloji məsələlər də daxildir. Bir ay ərzində yaşadığın hər hansı bir problemi, çəkdiyin əziyyəti bitdikdən sonra ya hər hansı insana danışmalısan, ya da yazıya tökməlisən, mahnıya əks etdirməlisən ki, onu beynindən boşalda biləsən. 

Mahnılarımı yazarkən başqalarının həyatında gördüklərimdən də istifadə etmişəm. Yaxınlarımın həyatında gördüklərimi, öz düşüncələrimlə, həyatımla birləşdirib mahnı yazdığım olub. Çünki həmin o problemlər, psixoloji məsələlər mənim də hiss etdiyim, düşündüyüm, üzərində dayandığım oxşar şeylər olub. Mən də demişəm ki, bir şəkildə bunu yazıb ötürməliyəm. Beləcə, mahnılarım ərsəyə gəlirdi və onları yazandan sonra bir az da olsa, mənəvi rahatlıq tapırdım. 

Əlbəttə, bu işin biznes tərəfi də var. Fəqət bu mənim üçün ikinci planda dayanır. Mən bilirəm ki, insanlar mənim yazdıqlarımı yaşayıb, yaşayır. Sadəcə dilə gətirə bilmirlər, mahnılarım bunun üçün vasitə kimidir.

Gitaradan başqa hansı musiqi alətlərində ifa edə bilirsiniz?

Dediyim kimi, klarnetdə ifa edə bilirəm. Az-çox piano çala bilirəm. Fəqət son vaxtlar ağlıma türk sazı çalmaq düşüb. Onu öyrənmək istəyərəm. Gitarada ifa edərkən isə özümü daha rahat hiss edirəm. 

Əsasən, Flora Hostel Bakuda və kafe-publarda çıxışınızı görürük, bəs başqa hansı səhnələrdə ifa etmək istəyərdiniz?

Əvvəllər ailəvi, sakit restoranlarda, məkanlarda fəaliyyət göstərirdik. Daha sonra gördük ki, qiymət baxımından sərf eləmir. Ona görə pub-bar sisteminə keçdik. Elə məkanlarda daha yüksək qiymət əldə edirik. Əslində, mən onsuz da aylıq qazancımın böyük bir hissəsini mahnıya həsr edirəm. Təzə avadanlıqlar, mahnıların ərsəyə gəlməsi üçün müəyyən ehtiyaclar və s.

Bundan başqa, xarici ölkələrdə səhnə almaq istəyərəm. Hər bir sənət adamı özünü daha böyük zirvələrdə görmək istəyər.

Bəs heç xarici ölkədə küçə musiqisi ilə məşğul olmağı düşünmüsünüz?

Bunu Gürcüstanda etmişdik, maraqlı idi. Olar, niyə də olmasın? Bir işin içində musiqi, sənət varsa, hər şey olar. İncəsənətdə ziyan deyə bir şey yoxdur, bir növ "hər şey mübahdır" da deyə bilərik. Bir az fərqli təfəkkürə sahib olan insanlar bundan "istifadə" etdiyimizi dilə gətirərək, tənqid etməyə çalışırlar. Bir incəsənət adamının sadəcə sənəti ilə maraqlanmaq, sənətini bəyənmək və ya tənqid etmək daha doğrudur.

Belə tənqidlərlə üzləşmisiniz?

Məsələn, bəzən "instaqram mesajlarına niyə cavab vermirsiniz?" kimi iradlar olur, axı bu sənətlə bağlı deyil. Ümumiyyətlə, Faiq Ağayevi götürək, adam xalq artistidir, 90-cı illərdə instaqram və digər sosial şəbəkələr olmadığı zaman ona necə irad tutulurdu? – Səsində, sənətində iradlar tutulurdu. İndi olan iradlar isə ancaq sosial şəbəkə üzərindədir. Özüm sosial şəbəkələrdən istifadə etsəm də, məhz belə şeylərə görə iradların, tənqidlərin bildirilməsi mənə qəribə gəlir. 

Musiqi sahəsində hazırda fəaliyyət göstərən və ya vəfat etmiş bir sənətkarla söhbət etmək şansınız olsa idi, bu kim olardı? Ondan nə soruşmaq istərdiniz?

Michael Jackson. Uşaqlıqdan fanatıyam, hətta tattosu belə var məndə. Ondan soruşardım ki, "Niyə Azərbaycana gəlməmiş öldün?" Bircə bunu soruşardım. Başqa, Şövkət Ələkbərova ilə söhbət etməyi çox istəyərdim. Hazırda həyatda olan və görüşmək istədiyim sənətçilər üçün isə Faiq Ağayevin, Sevda Ələkbərzadənin, Tünzalə Ağayevanın, Eyyub Yaqubovun adını çəkə bilərəm. Saysam, çox olar bəlkə də, sadəcə zirvə mənim üçün bu insanlardır.

Bir milyon izlənmə qazanan "Yenə" mahnınız necə yazıldı və onun belə tanınması sizə necə təsir edir?

Bir milyon olmamışdan əvvəl mən mahnıya çox geri dönüş görürdüm. Mahnını dinləyənlərin sayında artım, fərqli feedbacklər və s. Bir milyon olanda mən çox təəccüblənmədim, çünki artıq bir milyonu görmüşdüm. Mahnıya olan sevgiyə, rəğbətə baxırdım, bir də baxış sayına. Sevgi, rəğbət daha çox idi. Heç mənim xəbərim də yox idi, uşaqlar mənə xəbər verdilər ki, "Yenə" bir milyon olub. Mən mahnını çıxarandan bir həftə sonra ona heç girib bir də baxmıram. Şərhləri oxuyuram sadəcə, demək olar ki, elə də mənfi şərh olmur. Ən çox belə dərin, uzun yazılan şərhləri sevirəm. Öz hekayələrini yazırlar və mən oxuyub deyirəm ki, "biz nə yaşamışıq ki? adamın hekayəsinə bax". Düşünürəm ki, bəlkə, o insan hisslərini heç kəsə yazmayıb, danışmayıb, amma mənim mahnımın şərhinə gəlib danışıb. Bu, məni sevindirir, həm də o insan üçün yaxşıdır ki, bir yerdə ürəyin boşaldır, rahatlayır.

Əvvəl yazdığınız mahnılarla indikilər arasında fərq hiss edirsiniz?

İndi yazdığım mahnılar daha çox üsyan kimidir, əvvəlkilər isə saf duyğularla yazılan mahnılardır. Keçən müddət ərzində mən də möhkəmlənmişəm, böyümüşəm, dinləyicilərim də. Çıxarmadığım mahnılar var, hansı ki onları da son dövrlərdə yazmışam. İndi fikirləşəndə fərqinə varıram ki, həqiqətən də, dəyişiklik var və bu normaldır. 

Mahnılarınızın ərsəyə gəlməsində xüsusi olaraq təşəkkür etmək istədiyiniz kimsə var?

Əlbəttə ki, var. Bunlardan birincisi, qardaşımdır. Hansı ki, ən başından bəri mənə dəstək olur. Bu işin təməli qardaşımdır, bundan əlavə mahnılarıma da yaxşı - pis həmişə fikrini bildirib. Daha sonra Badclause-a təşəkkür etmək istəyirəm. Onunla birlikdə işləmək mənə çox zövq verir. Başqa bütün dostlarım da mənə mənəvi cəhətdən dəstək olur. Son vaxtlar həyatımda sadəcə musiqiçi dostlarım və özüm varam. Mahnı çıxır, təkliflər, iradlar və s. 

Özünüzün ən sevdiyiniz mahnınız hansıdır?

Əvvəllər "Divardan fəsil" idi, son vaxtlar "Heç nə getmədi yolunda" mahnısını sevirəm. "Qucaqlasan, keçər" mahnısı çıxacaq, hələ hazırlanır. Həmin bu mahnıların məndə xüsusi yeri var. 

Son olaraq dinləyicilərinizə nə demək istəyərdiniz?

Son dönəmlərdə çox mahnı çıxır, çox musiqiçi var. Sadəcə insanlar səhnədə hər hansı bir musiqiçini dinləyəndə alqışlamağı unutmasınlar. Bilirəm, alqışlamaq istəyirlər, amma kütlə psixologiyası mövcuddur, yanındakı alqışlamasa, sən də alqışlamırsan. Öz təcrübəmdən irəli sürərək bir şey demək istəyərəm: Həyata bir dəfə gəlirik. Bu həyatı dolu-dolu yaşamadınsa, heç bir mənası yoxdur. Məsələn, yolda bir adamı görüb bəyənəndə ona yaxınlaşıb "Bu gün çox gözəl görünürsünüz" deyə bilmirəmsə və ya hansısa musiqiçini görəndə reaksiyasını təxmin edə bilmədiyim üçün yaxınlaşıb "Mən sizi bəyənirəm, dinləyirəm" deyə bilmirəmsə, mənim bu həyatda uğur əldə etmək şansım, demək olar ki, yoxdur. İnsanlara demək istəyirəm ki, bir az rahat olsunlar. Özgüvən çox önəmlidir, özgüvənli olan insanlarla oturub-dursunlar. Həyat çox qısadır, bu gün deyə bilmədiyini səhər deyə bilməyə bilərsən. 50-60 il sonra bizə heç nə qalmayacaqsa, özümüzü sıxmağın nə mənası var? Məncə, bu sıxmaq da ailədən gəlir, ən əsası da cəmiyyətdən. Düşünürəm ki, yeni nəsil, elə biz də daxil olmaqla bu problemləri aradan götürəcək. Səhnəyə gələn hər dinləyici bizim üçün fərqli bir beyin deməkdir. Biz kənardan baxanda onun alqışlamağından belə az-çox bilirik ki, bu insan necə psixologiyaya sahibdir. Eləsi olur səhnəyə gəlir, şəkil çəkdirir, deyir "Şahin, bu mahnını çox istəyirəm, bunu oxu da", – məsələn, bu insanın özgüvəni yerindədir, özünə qarşı komplekssizdir ki, bu qədər insan qarşısında bunu edə bilir. Bəziləri isə, ayaqüstü olan konsertdə "yatır". Son olaraq demək istəyirəm ki, özlərini bu qədər sıxmasınlar. Həyatlarının dadını çıxarsınlar. 

Gülay Qəribova

Paylaş
Şərh əlavə et