Bu gün:

"Hərbçilərin çoxunu gənclər təşkil edir"


24Media.az-ın növbəti müsahibi Hərbi ekspert və Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovdur. O, hərbi qulluqçuların və şəxsi heyətin mənəvi‐psixoloji vəziyyətinin öyrənilməsi üçün həyata keçirilən tədbirlər haqqında danışıb. 

Hazırda hərbi qulluqçuların və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi üçün hansı tədbirlər görülür? 

Hərbçilərin və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti – bu çox geniş bir mövzudur, çox geniş yayılmış spektri var. Hərbi xidmətdə mənəvi-psixoloji vəziyyət, demək olar ki, hərbi qulluğun əsasını təşkil edən keyfiyyətdir. Və təbii ki, hərbi qulluq zamanı həmin o keyfiyyəti – mənəvi-psixoloji vəziyyəti zənginləşdirməklə bir hərbçinin qarşısında olan vəzifələrin yerinə yetirilməsinə nail ola bilərik. Yəni hərbi qulluqçuların mənəvi-psixoloji zənginliyi və halı bilavasitə hərbi xidmətə təsir edən əsas amillərindən biridir. Azərbaycanda gənclərimiz hərbi-xidmətə qədər çox böyük diqqət yetirir. Demək olar ki, kiçik yaşlarından başlayaraq məktəbdə, sonra isə yetkinlik yaşına qədər mənəvi-psixoloji və vətənpərvərliklə bağlı çox böyük işlər aparılır. Bu dövlət strategiyasına daxil olan bir məsələdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tədris müəssisələrində vətənpərvərlik ruhunda tərbiyəetmə strategiyası müəyyənləşdirib. 

Bütün tədris müəssisələrində bu strategiyadan irəli gələn vətənpərvərlik ruhunun formalaşması və inkişafı həyata keçirilir. Əlbəttə, vətənpərvərlik ruhu deyəndə mənəvi-psixoloji vəziyyət də bunun əsasını təşkil edir. Və bunun üçün artıq hərbi hissəyə gələn gənc əsgərlər üçün öncə "Gənc əsgər" kursunda əsgərlərin hərbi qulluğa adaptasiyası ilə bağlı çoxlu tədbirlər həyata keçirilir. Bu tədbirlər individual tədbirlərdir. Hərbiçilərlə və gənc əsgərlərlə həm kollektiv tədbirlər, həm də elmi cəhətdən əsaslandırılmış, artıq təcrübədən irəli gələn,  o cümlədən də, Azərbaycanın 44 günlük müharibədə qazanmış və döyüş təcrübəsinin təhlilləri əsasında məhz mənəvi-psixoloji vəziyyəti zənginləşdirmək üçün yönələn tədbirləri qeyd etmək olar. Gənc əsgərlərin gəlişi və onların adaptasiya olması diqqət mərkəzindədir. Hərbçilərin mənəvi-psixoloji vəziyyəti ilə bağlı çoxlu tədbirlər keçirilir. Həm burada tarixi irslərimiz, qəhrəmanlarımız, həm də bizim mentalitetimizə uyğun olan məsələlər və eyni zamanda dövlət siyasəti ilə bağlı proqramlar, digər tərəfdən isə hərbçilərin mənəvi-psixoloji vəziyyətinin yüksəlməsinə istiqamətləndirilən amillər və o amillərə yiyələnməsi üçün tədbirlər görülür. Demək olar ki, hərbçinin gündəlik həyatında nə ilə məşğul olmasından, hansı məşğələlərlə, təlimlərlə məşğul olmasından asılı olmayaraq, məhz mənəvi-psixoloji faktı həmişə mərkəzdə saxlayır. 

Şair bəy qeyd edir ki, hərbçinin mənəvi-psixoloji cəhətdən daha zəngin və dayanıqlı olması onun yüksək peşəkarlığından asılıdır.

Hərbçinin özünə inamı və qarşısına qoyulan öhdəlikləri yerinə yetirə bilməsi, döyüş zamanı, təlimlərdə öz ixtisasına yiyələnməsinə xidmət edən amillərdir. Əlbəttə, burada komandir heyətinin hazırlığı və bu sahədə formalaşması özünəməxsus yer tutur. Hal-hazırda hərbi hissələrdə ixtisasca peşəkar psixoloqların olması artıq bizim hərbçilərin onların nəzarəti altında olmasını təmin edir. Hər hansı proseslər həmin psixoloqlar tərəfindən istər individual, istər kollektiv şəkildə psixoloji elmin əsaslarına və yanaşmalarına əsasən, hərbi xidmətin xüsusiyyətlərinə sintez olaraq hərbçilərimizin mənəvi psixoloji vəziyyətinin yüksəlməsinə xidmət edir. Mütəmadi olaraq istər mədəni, istər tarixi, istərsə də digər tədbirlər, əsasəndə vətənpərvərlik ruhunda hərbi hissələrdə keçirilən tədbirlər hərbi qulluqçuların vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Gənc əsgərlərə gəldikdə isə daha təcrübəli əsgərlərin davranışları burada diqqət çəkir. Hərbi hissələrdə yaradılan mühitlə yanaşı məhz "Böyük qardaş" prinsipi ilə yanaşılır. Təcrübəli əsgər nisbətən təcrübəsiz əsgər üçün "Böyük qardaş" rolunu oynayır. Hələ sovetdən qalma, həmçinin Ermənistanda da hökm sürən dedovşina (qoçu əsgər) kimi faktor Azərbaycan ordusunda,  demək olar ki, yox səviyyəsindədir. Bu da Azərbaycan ordusunda mənəvi-psixoloji, tərbiyəvi vətənpərvərlik ruhunun yüksək olmasından xəbər verir. Peşə hazırlığı və mənəvi psixoloji vəziyyət, vətənpərvərlik ruhu – bunlar hamısı bir-birinə bağlı olan amillərdir, bunları bir-birindən ayırmaq olmaz. Mənəvi-psixoloji durumu yüksək olan vətənpərvər əsgər öz xidmətinə məsuliyyətlə yanaşır. Azərbaycan dövlətinin qanunlarına, hərbidəki gündəlik fəaliyyətində nizamnamələrin tələblərinə, məşğələlərdə və tədbirlərdə döyüş təlimləri nizamnamələrinin tələblərinə çox məsuliyyətlə yanaşmaq öz döyüş qabiliyyətini, peşəkarlığını artıran amillərdir. Mənəvi-psixoloji vəziyyəti aşağı olan əsgərin gündəlik nizamnamə qaydalarına və ya məşğələlər və təlimlər zamanı döyüş nizamnamələrin tələblərinə yiyələnməsi, əlbəttə zəif olur. Azərbaycan ordusunda məhz mənəvi-psixoloji vəziyyətin yüksəlməsi üçün daim müəyyən bir tədbirlər keçirilir. Bu tədbirlər bizim hərbçilərimizin gündəlik fəaliyyətində demək olar ki, səhərdən axşama qədər, asudə vaxtında da öz əksini tapır.

Vətənpərvərlik ruhunda çəkilən filmlər, ümumiyyətlə, digər proqramlar da vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. 

Azərbaycan ordusunda şəxsi heyətin sağlamlığı ilə bağlı atılan addımlar və onların sağlamlığının yüksək səviyyədə saxlanılması da bu vəziyyətə öz təsirini göstərir. Bugünkü Azərbaycan ordusunda qayğı və diqqət, tibbi, sosial təminat istiqamətində böyük işlər görülür. Prinsip cəhətdən Azərbaycanın bu gün mənəvi-psixoloji vəziyyətin yüksəlməsində aparılan işlər 44 günlük müharibədə öz təsirini göstərdi. Bizim əsgərlərimiz, hərbçilərimiz torpaqların azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalaraq torpaqlarımızı öz qanı, canı bahasına azad etdilər. 

Müsahib qeyd edir ki, Respublikada Vətən müharibəsinə qədər olan vəziyyətə nəzər salsaq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyev hər bir kürsüdə, öz çıxışında "Azərbaycan torpaqlarını azad edəcəyik" inamını həmişə vurğulayırdı. Və bu inamla da bizim gənclər böyüyərək Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğalçılardan qısaca bir zamanda onları darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadir oldular. Vətən müharibəsindən sonra da, bu gün də vətənin keşiyini çəkən hərbçilərimiz həm şərti sərhəd də, həm Azərbaycanın digər güşələrində Azərbaycan hərbçilərinin ruh yüksəkliyinin olmasını müşahidə edə bilərik. Gənclər Azərbaycanın gələcəyidir. Bu gün hərbçilərin çoxunu gənclər təşkil edir. Demək olar ki, Azərbaycanın gələcəyi mənəvi-psixoloji halı yüksək olan gənclərin əlindədir. Azərbaycan hərbçiləri çoxsaylı təxribatların qarşısını almaqla da bunu sübut edirlər. 

Son dövrlər hərbçilərimiz arasında intihar və qətl halları baş verir. Sizcə, bunların səbəbləri nələrdir? 

Deməzdim ki, son dövrlər intihar və qətl halları baş verir. Bunlar həmişə olub. Bu intihar və qətl hallarının özünəməxsus səbəbləri var. Hər halda Azərbaycan ordusunda bu gün olan mühit və ümumiyyətlə, komandirlər və əsgərlər arasında davranış bu intihar və qətl hallarına səbəb deyil. Hətta hərbi xidmət də bu intihar hallarına səbəb deyil. Ona görə də hər bir intiharı səbəblərini öyrənərək bilmək olar. Çox vaxt ailədən hər hansı xəbər gəlir, əsgərlərin psixoloji vəziyyəti buna gətirib çıxarır, intiharın səbəbləri bu formada qiymətləndirilir. Ancaq hərbi xidmət səbəbindən intihar halları demək olar ki, yoxdur. İntihar və qətl halları hərbi xidmət zamanı ola bilər. 

Ancaq bu hallar yalnız bizim ordu da deyil, dünyanın bütün ordusunda baş verir. Azərbaycan ordusunda baş verən intihar və qətl halları səbəbi hərbi xidmət deyil. Hərbi xidmətdən kənarda olan proseslərdir. Hansı ki, bizim hərbçilərimizə psixoloji cəhətdən təsir edir. 

İkinci Qarabağ müharibəsi və Antiterror əməliyyatından sonra psixi pozuntulardan əziyyət çəkən hərbçilərimizə nə kimi kömək edilir? 

Hər bir döyüşdə və müharibələrdə iştirak edən hərbçilərin tibbi-psixoloji gərginlik keçirməsi dəfələrlə çoxdur. Bunlar alınan tramvalar nəticəsindədir və həm psixi, həm də fiziki tramvalardır. 

Fiziki tramvalara səbəb yanında bir mərminin partlaması ola bilir. Öz döyüş yoldaşının itirilməsi də psixoloji təsir göstərir. Bununla bağlı çox böyük reabilitasiya tədbirləri nəzərdə tutulub. Hal-hazırda Azərbaycanda bir neçə reabiltasiya mərkəzləri də var. Həmçinin Vətən müharibəsindən sonra Azərbaycanda təcrübəli xarici psixiatirlər və psixoloqlar tərəfindən müharibə iştirakçıları ilə kompleks tədbirlər həyata keçirilib. 

O qeyd edir ki, reabilitasiya tədbirləri uzun müddətlidir. Bunlar bəzən illərlə davam edir. Hazırda psixoloji gərginlik keçirən hərbçilər və yaxud müharibə iştirakçılarının hamısı qeydiyyata alınıblar. Mütəmadi olaraq onlara tibbi yardım, nəzarət edilir və onlar dərmanlarla təmin olunurlar. Bu prosesdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılan "Yaşat" fondu çox fəal iştirak edib. Bu gün də öz iştirakını davam etdirir. Hərbi xidmətdə olan psixoloji gərginliyə məruz qalan, hərbi xidmətə yararlılıq dərəcəsində olan hərbçilər də qeydə alınıblar. Onları hərbi xidmət zamanı və ya istədiyi zaman psixoloji vəziyyət nəzərə alınaraq müvafiq vəzifələrə keçirirlər, yəni  daha yüngül hərbi xidmət sahələrinə yönəldirlər. 

Bəs hərbi qulluqçular icbari-narkoloji müayindən keçirilirmi? 

Şair Ramaldanov sonda onu da qeyd etdi ki, bu məsələ qanunla tənzimlənir. Müddətdən artıq hərbi xidmətə müqavilə əsasında gələn heyətə onlar müvafiq arayış təqdim edirlər. Ancaq müddətli hərbi qulluqçularda bununla bağlı müvafiq sənədləşmə onların çağırılışı zamanı Çağırış Xidməti tərəfindən qeydə alınır. 

Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et