Bu gün:

İstixana məhsulları həm qida dəyəri, həm də vitamin və mineral baxımından zəif olur


24media.az saytının budəfəki müsahibi sağlam qida təbliğatçısı Asim Vəliyevdir. O, mövsümü olmayan meyvə-tərəvəzlərin zərərlərindən danışıb. 

Sağlam qidalanmanın əsas şərtlərindən biri də mövsümi meyvə və tərəvəzlə qidalanmaqdır. Mövsümi yetişdirilən meyvə-tərəvəz həm qida dəyəri yüksək, vitamin və minerallarla zəngin olur. Qida dəyəri yüksək meyvə - tərəvəzlər antioksidant özəlliyə də malik olur və immunitet sistemimizi güclü saxlayır. Mövsüm dəyişdikcə orqanizm fərqli vitamin və minerala ehtiyac duyur. Yaradan o qədər mükəmməl bir sistem qurub ki, mövsümü qidalar o mövsümdə orqanizmin ehtiyac duyduğu vitamin və minerala məxsusdur. Bu baxımdan da sağlam qidalanaraq sağlam bir orqanizmə malik olmaq istəyiriksə, mütləq şəkildə meyvələrin mövsümə görə yetişdiyi ayları bilməliyik. 

Müasir dövrümüzdə market və bazarlarda hər mövsümün meyvə-tərəvəzinə rast gələ bilərik. Bu baxımdan hansı meyvənin hansı mövsümdə yetişdiyini unuda bilirik. 

Texnologiyanın sürətlə inkişafı qida sektoru ilə yanaşı kənd təsərrüfatı sektoruna da öz təsirini göstərir. İstixanaların inkişafı ilə meyvə-tərəvəzlərin hər mövsümdə yetişdirilməsi asanlaşdı. Hər məhsulun mövsümünə görə əkilmə və yığım dövrü var. Ancaq istixanalarda əkinçilik dərmanları və hormonlardan istifadə edildiyi üçün zaman anlayışı elə də əhəmiyyət kəsb etmir. Təbii şəraitdə yetişdiririk desələr də, bu məhsullar həm qida dəyəri, həm də vitamin və mineral baxımından zəif olur. Ləzzəti və dadı da mövsümündəki kimi olmur. Məsələn, mövsümündə yediyimiz bir pomidorun ətri və dadı mövsümündə yetişdirilməyəndən seçilir. Mövsümü olan özünə məxsus dada və xoş ətrə malik olur. Mövsümü yetişdirilməyən meyvə-tərəvəzlərə hormonlar və əkinçilik dərmanları vurulduğuna görə quruluşları və tərkibləri dəyişir. Məsələn qışda A vitamini qəbul etməli olduğunuz lobya hormonal və kimyəvi dərman da ehtiva etmiş olur. Bu halda faydadan çox orqanizmimizə zərərli maddələr daxil olur. Bu cür qidalanma davam etdikcə həmin zərərli maddələr orqanizmdə yığılaraq yaxın gələcəkdə xərçəng başda olmaqla bir çox xəstəliklərin meydana gəlməsinə zəmin hazırlayır. 

Yaxın keçmişə nəzər salsaq, görərik ki, analarımız, nənələrimiz mövsümü yeyə bilmədiyimiz meyvə-tərəvəzləri konserv, turşu olaraq hazırlayırdı. Biz digər fəsilıərdə də bununla qidalanırdıq.Həmçinin düzgün dondurma metodu ilə siz meyvə-tərəvəzləri saxlayıb digər mövsümdə də qəbul edə bilərsiniz. Mövsümü olmayan meyvə-tərəvəzlərin düzgün şəkildə qurudulmuşlarını alıb qəbul edə bilərsiniz. Mövsümü olmayan meyvə-tərəvəzləri alaraq həm sağlamlığımızı təhlükə altına atırıq, həm də cibimizə zərər vermiş oluruq.

Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et