Bu gün:

“Aktyor rejissorun məktubunu tamaşaçıya çatdıran poçt göyərçinidir“


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi rejissor Ümid Abbasdır. O bildirib ki, teatr insanların ruhani təmizlənməsinə şərait yaradır. 


Uşaqların inkişafında teatr necə rol oynayır?



Teatr mədəni-ictimai hadisədir. Teatr sayəsində tarixdə çox mədəni inqilablar olub. Yəni teatrın təsiri qaçılmazdır. Uşaqları da böyük cəmiyyətin kiçik modeli kimi qəbul etsək, rahatlıqla deyə bilərik ki, teatrın təsiri uşaqlardan qətiyyən yan keçmir. Müxtəlif teatrlarımızda müxtəlif yaş qruplarının psixologiyasına, mədəni inkişafına hesablanmış tamaşalar mövcuddur ki, bu da uşaqların dünyagörüşü və şəxsiyyət formalaşmasında danılmaz faktordur. Teatr ruh mozaikasının itmiş parçalarını bərpa edir. 


Teatr cəmiyyətə təsir edir


Teatrda katarsis deyə bir termin var. Mənası təmizlənmə deməkdir. Katarsisə ən çox tamaşaçı məruz qalır, amma aktyor da, rejissor da bu təmizlənməyə məruz qala bilər. Burada söhbət ruhani təmizlənmədən gedir. Teatr insanlara mənəvi zövq verir, vaxtını dəyərli keçirmək üçün imkan yaradır, bir çox hallarda isə insanı özü ilə baş başa qoyur.


Aktyor və rejissor anlayışları fərqlidir


Eyni binada, eyni musiqi altında, eyni əsərin üzərində işləsələr belə, məqsədləri tutduqları mövqe tamam fərqlidir. Aktyor rejissorun məktubunu tamaşaçıya çatdıran poçt göyərçinidir. Aktyor, rejissor işləmədikcə dibinə kimyəvi maddə tökülmüş ağaca çevrilir. Bununla bağlı maraqlı bir hekayə nəql edim. "Keçmiş zamanda bir dəmirçi olur və o iki kotan düzəldir. Bir cütçü gəlib kotanın birini alıb cütə qoşur və işləməyə başlayır. O işlədikcə torpağa, daşa sürtünür, işıldayır. İllər keçir hansısa səbəbdən cütçü kotanı gətirib dəmirçiyə verir. Dəmirçi kotanı gtürür və onunla eyni vaxtda düzəltdiyi digər kotanın yanına qoyur. Parlaq kotan digərindən soruşur “Biz eyni vaxtda düzəldilmişik, necə olur, mən belə parlağam sən isə sadəcə qaralmısan”. Paslı kotan cavab verir:”Sən ona görə parlaqsan ki, işləmisən".

İnsan var ki, bu sənətdə şedevrlər yaradır. İnsan da var ki, sadəcə bu sənətdə yox olub gedir. Burada məqsədlər və istəklər məsələsi ön plandadır.


Bu sahədə bəzi problemlər var


Təəssüf ki, biz bir çox hallarda aylarımızı xərcləyib tamaşa ərsəyə gətiririk, amma insanlar 1 saatını ayırıb o tamaşanı izləməyə gəlmirlər. Hətta elə insan var ki, deyir mən teatr sevmirəm. Dərinə getdikdə məlum olur ki, o heç vaxt teatrda olmayıb. Bir insan bilmədiyi bir şeyi necə bəyənməyə bilər?!


Teatr elə bir ünsürdür ki, onun haqqında heç bir məlumat verməyə ehtiyac yoxdur. Çünki o özü elə cəmiyyətə lazımlı informasiyanı ötürür. Teatrın insanlara ötürə biləcəyi məlumatlar hüdudsuzdur. Teatr ictimaiyyətin mənəvi yüksəlişi üçün nəzərdə tutulub.


Şəms Ajakh

Paylaş
Şərh əlavə et