Bu gün:

Fosforlu gübrələr: faydaları, növləri nələrdir?


Kənd təsərrüfatlarında bitkilərin qida ehtiyaclarını qarşılamaq üçün geniş şəkildə istifadə olunan bəsləmə vasitələrindən biri də fosfor gübrələridir.

Bitkilərin sağlam və sürətli inkişafı üçün vacib olan, bir çox üzvi komponentləri özündə ehtiva edən fosfor gübrələri ilkin inkişaf mərhələsindən başlayaraq digər dövrlərdə də böyük rol oynayır. Beləliklə, çiçəkləmədən kök inkişafına, toxumun cücərməsindən meyvə formalaşmasına qədər bitki böyüməsinin bütün mərhələlərində fosfor gübrələrindən istifadə edilə bilər.

Fosforlu gübrə nədir? 

Fosfor maddə olaraq bitkilərdə enerjinin ötürülməsi və hüceyrələrin bölünməsinin daha asan həyata keçirilməsi baxımından mühüm rol oynayır. Bu və digər faydalı xüsusiyyətləri baxımdan təsərrüfatlarda fosforlu gübrələrdən istifadə etmək məqsədəuyğundur. Fosforlu gübrələr tərkibində fosfor, azot və kalium kimi torpaq üçün faydalı elementləri özündə birləşdirir. Tərkibində torpağa və bitkilərə ziyanlı maddələr olmadığı üçün digər kimyəvi maddələr kimi torpaqda deformasiyaya səbəb olmur.

Fosforlu gübrənin faydaları:

Ən əhəmiyyətli faydalı xüsusiyyətlərini aşağıdakı formada sıralamaq olar:

Bitkilərin sağlam, sürətli böyüməsini və inkişafını təmin edir;

Torpağın bioloji və enerji mübadiləsini aktivləşdirir;

Bitkilərdə enerji ötürülməsini intensivləşdirir;

Çiçəkləmə mərhələsində və meyvələrin formalaşmasında mühüm əhəmiyyət kəsb edir;

Kök sisteminin formalaşmasını dəstəkləyir;

Xəstəliyə qarşı müqaviməti artırır. 

Bitkilərdə fosfor əksikliyinin əlamətləri:

Torpaq analizi apararaq, həmçinin, bitkilərin inkişafını kənardan müşahidə etməklə fosfor çatışmazlığının əlamətlərini ayırd etmək mümkündür. Fosfor çatışmazlığı yaranan bitkilərin əvvəlcə köhnə yarpaqları, sonra isə gənc yarpaqları tünd yaşıl rəngə boyanır. Eyni zamanda, gənc yarpaqlar inkişafını tamamlamaqda yəni böyüməkdə çətinlik çəkir. Qeyri-mövsümi vaxtlarda yarpaqların tökülməsi, həmçinin, meyvələrin yetişmədən tökülməsi də fosfor çatışmazlığının əlamətlərindəndir. 

Fosforlu gübrələrdən istifadə zamanı qoruyucu üsullar:

Fosforlu gübrələrin tətbiqi zamanı fərdi mühafizə qaydalarına əməl edilməsi vacibdir. Belə ki, hazırlıq və tətbiq zamanı dəri ilə birbaşa təmasdan qaçınılmalı, əlcək və maska kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Dəri və gözlərlə təmasda olduqda bol ilıq su ilə yuyulmalıdır. Yuyulma zamanı isə hər hansı kimyəvi maddələrin istifadəsi qəti şəkildə tövsiyə edilmir.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et