Bu gün:

"İstəyərdim ki, "Xəzər Lənkəran" Premyer Liqaya gəlsin"


24media.az-ın "1 sual, 1 cavab" rübrikasının növbəti müsahibi futbol eksperti Emin Abbasovdur. O, Azərbaycan Premyer Liqasındakı klub sayından bəhs edib.

- Azərbaycan Premyer Liqasında neçə klub olması lazımdır və hansı klubları əsas liqada görmək istərdiniz?

Mənim üçün ən ideal 18 komandanın olması uyğundur. 18 komanda olsaydı, Premyer Liqanın coğrafiyasını kifayət qədər genişləndirmək olardı. Xüsusən, mənə elə gəlir ki, gücü bölgə klublarına vermək lazımdır. Çünki bölgələrdə futbola daha çox baxılır. Azarkeşlər stadiona daha çox gəlirlər. Bölgələrə gəlincə isə birinci liqadan "Şamaxı"nı, "Karvan Yevlax"ı, "Zaqatala"nı, "İmişli"ni misal çəkmək olar. Ümumən götürsək, mən istəyərdim ki, cənub zonasından "Xəzər Lənkəran", şimal zonasından "Qusar" premyer liqaya gəlsin. "Şəmkir"i qaytarmaq lazımdır. İndi Azərbaycan Premyer Liqasında qərb klubları var, amma "Şəmkir"in olması da yaxşı olardı. 18 komandadan əksəriyyəti bölgə klubları olsaydı, bu, Azərbaycan futbolunun coğrafiyasının genişlənməsinə yüz faiz xidmət eliyəcək idi. Bilirik paytaxtda futbola, yəni daxili çempionata o qədər də maraq yoxdur. Ancaq "Qarabağ"ın avrokubok matçlarına gəlirlər. Bölgələrdə iddialı komanda olsa, maraq var, azarkeşlər stadiona gəlirlər. Ona görə arzu eliyirəm ki, nə vaxtsa 18 komandalı çempionat izləyərik. Dediyim kimi yaxşı bölgə klubları olar. 2026-cı ildə "İmarət" stadionu hazır olsa, "Qarabağ" da Ağdama yollansa, paytaxtda bir neçə klub qalsa, mənə elə gəlir ki, futbol kütləviləşəcək, maraq xeyli artacaq. Bölgə klublarının premyer liqada olmağı həm də onların akademiyalarının mövcudluğudur, onlara olan diqqətdir. Bu o deməkdir ki, uşaq futbolu da bütün ölkə miqyasında inkişaf etdiriləcək. Yəni böyük işlər görmək olar. Demirəm birdən-birə 18 komanda olsun. Yəqin ki, gələn mövsümdən 12 komanda edə bilərlər. Ondan sonra hazırlıqları görüb növbəti mövsüm 16, sonrakı mövsüm 18-ə mərhələli şəkildə qaldırmaq olar. Amma bu istiqamətdə mütləq iş getməlidir, çünki Azərbaycan futbolunun güclü olmağını istəyiriksə, həm çempionatımız güclü olmalıdır, həm də uşaq futbolu inkişaf etdirilməlidir. Yaxşı infrasturuktur qurulmalıdır, çünki infrasturuktur olmasa o işləri qurmaq çox çətin olacaq. Təbii ki, bütün bunların nəticəsi olaraq milli komandamız da güclənəcək. Amma bu, zəncirvari prosesdir.

Nəcməddin Əliyev

Paylaş
Şərh əlavə et