Bu gün:

"Yanğın təhlükəsizliyi üzrə təlimatlandırma olmalıdır"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhlükəsizlik üzrə ekspert Orxan Musayevdir. O, yanğın təhlükəsizliyidanışıb.


Müəssisələrdə yanğın təhlükəsizliyi necə təmin olunur?

Ölkəmizdə yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu və həmin qanuna istinadən hazırlanmış yanğın təhlükəsizliyi qaydaları mövcuddur. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları ölkə ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət etmək təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün müəsisələrə şamil edilir. Yanğın təhlükəsizliyi qaydaları təmin edilərkən, müəsisələrdə qeyd etdiyimiz yanğın təhlükəsizliyi qaydaları ilə bərabər, beynəlxalq standartlar, tikinti norma və qaydaları, texnoloji layihələndirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlərə rəhbər tutulmalıdır. Və hər bir müəsisə yanğın zamanı insanların təhlükəsizliyini təmin etməli, həmçinin bu obyektlər üçün yanğın təhlükəsizliyi tədbirlərini işləyib hazırlamalıdır. Yəni öncədən yanğın təhlükəsizliyi ilə bağlı müəssisələrdə bütün tədbirlər işlək vəziyyətdə olmalıdır. Müəssisələrdə işçilər işə qəbul olunarkən yanğın təhlükəsizliyi üzrə ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşlədiyi dövrdə isə ildə bir dəfədən az olmayaraq təkrar təlimatlandırılma həyata keçirilməlidir. Bu aparılan təlimatlar isə yanğına qarşı hazırlanmış xüsusi jurnallarda imzalarla təsdiq olunmalıdır. Həmçinin müəssisə rəhbəri tərəfindən ayrı-ayrı ərazilərin, binaların, tikililərin, sexlərin, sahələrin, elektrik şəbəkələrinin və.s hər bir obyektin yanğın təhlükəsizliyinə xüsusi əmrlə cavabdeh şəxs təyin olunmalıdır. Yanğın təhlükəsizliyinə cavabdeh şəxs yanğın söndürmə vasitələrinin, cihazlarının, yanğın xəbərdaredici signal sistemlərinin düzgün vəziyyətdə saxlanılmasını təmin etməlidir.

İnzibati binalarda, istehsal müəssisələrində, anbarlarda və digər təyinatlı bina və otaqlarda görünən yerlərdə yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən xüsusi lövhələr asılmalıdır ki, hər hansı fövqəladə hal baş verərsə, insanlar hara zəng etmək lazım olduğunu bilsinlər. Müəssisələrdə siqaret çəkilməsi, müvəqqəti yanğın təhlükəli işlərin aparılması qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə məlumata əsasən müəyyən olunmalıdır. Hər bir müəssisədə Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq könüllü yanğına mühafizə dəstələri müəyyən edilməlidir. Könüllü yanğın söndürmə dəstəsinin vəzifələri qanunvericilikdə müəyyən edilib. Onlar xüsusi təlim keçmiş şəxslər olmalı və yanğın hadisəsi baş verdikdə dərhal müdaxilə etmək bacarığına malik olmalıdırlar. Bina və obyektlərin bir mərtəbəsində 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün təxliyə planları hazırlanmalı və görünən yerlərdən mütləq asılmalıdır. Obyekt və binanın bir mərtəbəsində 50 nəfərdən çox insan toplaşarsa, həmin obyektin rəhbəri tərəfindən təxliyə planından əlavə xidməti heyət üçün insanların yanğın yerindən köçürülmə tədbir planları hazırlanmalıdır. Və bu hazırlanan tədbirlər planı əsasında hər 6 ayda bir dəfədən az olmayaraq bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ təlimləri keçirilməlidir. 

İdarə, müəssisə və təşkilatların bütün əməkdaşları tutduğu vəzifəsindən asılı olmayaraq yanğına qarşı rejimin tələblərinə ciddi şəkildə riyaət etməlidirlər. Yanğın təhlükəsizliyi barədə danışdıqda əsas 2 faktorun önəmini qeyd etmək olar. Burada baş verməsinin qarşısının alınması üçün öncədən önləyici tədbirlərin görülməsi, ikinci bir faktor isə yanğın baş verdikdən sonra artıq yanğınla mübarizə tədbirləridir. İş yerlərində yanğının baş verməsinin müxtəlif səbəbləri var. Bu səbəblərdən qeyd etsək: elektrik naqilləriylə bağlı nasaz naqillərdən istifadə, həddindən artıq yüklənmə, düzgün istifadə olunmaması və yaxud siqaret çəkmə yerinin düzgün şəkildə təyin olunmaması yaxud otaqlarda istifadə olunan qızdırıcılar nəzarətsiz və baxımsız şəkildə saxlanılması, alışabilən maddələrin, materialların və qazların düzgün saxlanılmaması və təhlükəli şəkildə istifadə olunması və s. Yanğın hadisəsi 3 elementin birləşməsindən əmələ gələn bir hadisədir, bu da yanğın üçbucağı adlanır. Bu birləşməyə yanar maddə və ya material, oksigen və istilik daxildir. Bu 3 elementin birləşməsindən yanğın hadisəsi baş verə bilir və yanğın hadisəsinə müdaxilə üçün bu 3 elementdən birini kənarlaşdırmaq lazımdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et