Bu gün:

Edit Piaf: bir fransız əfsanəsi


Beynimizə “La Mome", yəni “ səki sərçəsi ” kimi həkk olunan Edit Piaf hər şeydən əvvəl, 1940-cı illərin patriarxal cəmiyyətində həyata qarşı ehtirasla mübarizə aparmaq üçün cəsarət tapmış qadındır. L'Hymne à l'Amour, La Vie en Rose, Je ne Regrette Rien kimi ifaları onun faciələr, qırılmış sevgilər və aludəçilik ilə dolu həaytının əksidir. Ölümündən 60 il sonra belə unudulmayan Edir Piafın həyatının xülasəsinə nəzər salaq.

Həyatı:

Piaf 1950-ci illərin musiqisindən danışılanda ilk xatırlanan, böyük sənətçilərinin karyeralarını formalaşdıran, müharibədən sonrakı Nyu-Yorku ələ almağı bacaran parisli kimi də tanınır. O, keşməkeşli həyatı və istedadı, ölümündən sonra qeyri-adi karyerası ilə əfsanəyə çevrilən “küçə uşağı” kimi fransız musiqisini əfsanələşdirdi.

Edit Giovanna Gassion 1915-ci il dekabrın 19-da atası cəbhədə olarkən Parisdə anadan olub. Anasının onu böyütməyə nə analıq instinkti, nə də imkanı var idi. Piaf nənəsinin yanında qeyri-gigiyenik şəraitdə yaşayır. 1922-ci ildə atasını axtarmağa başlayır və bu axtarışlar onun 8 illik küçə həyatının əsasını qoyur. Gənc qız küçələrdə Fransanın milli himni olan "La Marseillaise" mahnısını oxuyaraq pul qazanır.

Edit Piafın tərcümeyi-halı keşməkeşlər ilə doludur. Uşaqlığını faciə kimi yaşaması bir yana, tək övladını itirməsi həyatına daha bir hüzün qatır. 1933-cü ildə Lui Düpona olan sevgisinin bəhrəsi olan balaca Marsel dünyaya gəlir, lakin o, cəmi iki yaşında ikən meningitdən ölür. O zaman qəpiksiz qalan Edit sonradan etiraf edir ki, övladının dəfn xərclərini ödəmək üçün fahişə işləməli olub.

Qadınların kişilərlə bərabər olmadığı bir dövrdə Edit konvensiyaya qarşı çıxır və həyatını istədiyi kimi yaşayır. Sevgi haqqındakı çoxsaylı fikirlərindən birində deyir: “ Biz sevəndə səy göstərmirik. Əgər səhərdən axşama kimi hislərinə görə titrəmirsənsə, sevgidə uğursuzsan!”

Marsel Cerdan və Edit Piaf

Edit və Marsel 1948-ci ildə Amerikada görüşürlər. Piaf Nyu-York səhnəsini fəth edərkən Cerdan Boks üzrə Dünya Çempionu olur. Cerdan evli və üç uşaq sahibi idi, lakin ailəsinə güclü bağlılığına baxmayaraq, Edit Piafı çox sevirdi.

1949-cu ilin oktyabrında Marsel  təyyarə qəzasında ölür. Piaf üçün növbəti dəhşətli dövr başlayır. Bu dəfə onun ağrısı xəstəlik ilə mübarizə aparmasına səbəb olur. Hər şeyə rəğmən, ertəsi gün səhnəyə çıxır və yeni mahnısını “Himn to Love”-ı Marselə həsr edərək oxuyur. Kədərini unutmaq üçün ona illər lazım olacaq, lakin bu zaman kəsiyində sənətçi tədricən morfin və spirtli içkilərə aludə olur.

Karyerası:

1935-ci ildə Louis Leplee onu kəşf edəndə Edit təxminən 13 il Paris küçələrində və kiçik kabarelərdə mahnı oxuyurdu. Editi peşəkar səhnəyə “la môme Piaf” təxəllüsü ilə təqdim etmək qərarına gəlirlər. Polydorun bədii rəhbəri Jak Kanetti onun güclü səsini görür və ilk albomunu yazdırır. Leple öləndə prodüser Raymond Asso onu öz himayəsinə götürür. 1936-cı ildə Edit Piaf Əlhambrada, sonra isə Bobinoda şöhrət qazanır. 1937-ci ilin mart ayında Parisin ən məşhur musiqi salonu olan ABC-də ilk dəfə çıxış edir. Onun əsərləri radioda yayımlanır, Piaf fransız mahnılarının böyük ulduzuna çevrilir və hətta müharibə zamanı da oxumağı dayandırmır.

Amerikanı fəth etmək üçün həddindən artıq Parisli

1947-ci ildə Piaf xalqın anlaya bilməyəcəyi qədər zəif tərcümə etdiyi mahnıları ilə Amerikaya qastrol səfərinə çıxır, lakin Fransaya aşiq olan amerikalı jurnalist Virjil Tomson Piafı xilas edir. "The New York Herald Tribune" orqanı onun çıxış haqqında əla rəy yazır. Bir neçə gün sonra Edit Piaf Le Versailles kabaresindəki çıxışı ilə böyük uğur qazanır. 1953-cü ildən Piaf böyük ulduza çevrilir. Onların Carnegie Halldakı konserti əsl zəfər idi. Nə olursa olsun Piaf oxumağa başlayaraq dinləyicilərini heyrətamiz istedadının dərin qatlarına aparırdı. 

1959-cu ildə xəstəlikdən və asılılıqdan yorulan Piaf Nyu-Yorkda səhnədə yıxılır. Bundan sonra o, qəfildən Fransaya qayıtmaq qərarına gəlir. Bu hadisədən sonra bir daha Amerika torpaqlarına qayıtmamağa söz verir. Özünü iflasdan xilas etmək üçün son addımını atır və "Je ne Regrette Rien" mahnısını oxuyur.

Edit Giovanna Gassion 10 oktyabr 1963-cü ildə 47 yaşında vəfat edir. 

Edit Piafın tərcümeyi-halı burada bitir, lakin onun əfsanəsi hələ də davam edir

Bu gün Piaf bütün dünyada, o cümlədən Atlantikada ən məşhur fransız ifaçısıdır. Ölümündən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, bu möhtəşəm sənətkarın mahnıları hələ də unudulmur. Edit tərəfindən yazılmış "La Vie en Rose" hələ də beynəlxalq səviyyədə ən çox qonorar alan fransızdilli mahnıların ilk 10-luğundadır.

Əfsanənin əbədiləşdirilməsinə mahnılardan əlavə kino və televiziya da öz töhfəsini verir. Olivye Dahanın 2007-ci ildə çəkdiyi "La Mome" filmi çox sevildi və Marion Kotilyarda ən yaxşı aktrisa nominasiyasında Oskar qazandırdı. Səhnəni yerindən oynadan, ağrılı həyat hekayəsini ifaları ilə vəhdətdə saxlayan bu əfsanəvi qadın hələ uzun illər unudulmayacaq. 


Mənbə: biography.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et