Bu gün:

Yeniyetmələrin evi tərk etməsinin səbəbi nədir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi klinik psixoloq Rübabə Bağırovadır. O, yeniyetməlik dövründə evi tərk etmə halları haqqında danışıb.

-Uşaqlar yeniyetməlik dövründə niyə evi tərk etməyə meyilli olurlar? Bu halın qarşısını almaq üçün nə etmək olar?

Bu mövzu bir qədər geniş mövzudur. Mən bir çox problemlərin verilən tərbiyə, ailə mühiti ilə əlaqəli olduğunu düşünürəm. Çox təəsüf edirəm ki, bu tərbiyə üsulu hələ də nəsildən-nəslə ötürülür. Əvvəlki dövrdə olan yeniyetmələrin tərbiyəsi ilə indiki yeniyetmələrin tərbiyəsi arasında çox fərq var, indiki yeniyetmələr çox fərqli və məlumatlıdırlar, bir qədər öz hüquqlarını bilirlər. 

Bu məsələ fərdi məsələdir

Mən çox yeniyetmələrlə işləmişəm və hər yeniyetmənin öz hekayəsi var, amma ümumi götürdükdə bu məsələ yenə də tərbiyə ilə bağlıdır.

Valideynlər yeniyetmələrə seçim haqqı vermir

İndiyə qədər öz arzularını reallaşdıra bilməyən valideynlər öz uşaqlarının üstünə çox düşür. Mütləq uşaqlarının təhsil almasını, diplomu olmasını tələb edirlər. Onlar bunu etməklə yeniyetməyə seçim, söz haqqı buraxmırlar. Və yeniyetməyə həddindən artıq "olmaz, yox" sözləri demək onu qıcıqlandırır. Yeniyetmələr düşünürlər ki, "niyə mənim sinif yoldaşıma, həmyaşıdıma olar, mənə isə olmaz". Valideyn mütləq bu "olmaz"ların səbəbini izah etməlidir. Bu "olmaz"lara görə yeniyetmə yalan danışmağa başlayır, bu onun üçün adiləşir.

Valideynlə doğru qurulmayan ünsiyyət evdən qaçma hallarına gətirib çıxarır

Valideynlə doğru ünsiyyət qura bilmədikdən sonra, yeniyetmə başqa ünsiyyətlər qurmağa başlayır, adətən belə hallarda evdən qaçmaq istəyir. Son zamanlarda, xüsusilə, qız uşaqlarında evdən qaçma halları var. Burda başqa məsələlər də ola bilər: məsələn, qruplaşmalar var ki, belə uşaqları özlərinə çəkirlər. Mənim bir pasientim var idi ki, yeniyetmə qruplaşmaya qoşulmuşdu, valideyn narahat idi və bu qruplaşmada ona qatı şəkildə dini təbliğ edirdilər. Valideyn onu bu qruplaşmadan ayıra bilmirdi, düşüncələri həddindən artıq fərqli idi və özünü hər şeydən məhrum edirdi. 

Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et